DİN AzadlıqRadiosunun müxbirinin məsələsinə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun noyabrın 28-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə nəyə görə aparıldığına aydınlıq gətirib. “Trend” informasiya agentliyinin sorğusunu cavablandıran mətbuat xidməti qeyd edib ki, dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycanda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı özünü şübhəli aparan və ya şübhə doğuran istənilən vətəndaşı şəxsiyyətini müəyyənləşdirmək məqsədilə aidiyyəti və ərazi üzrə polis orqanına gətirə, müvafiq profilaktik söhbətlər apara və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə saxlaya bilər: “Qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kimin polisin cinayətkarlıqla mübarizədə və ictimai qaydanın qorunmasına dair vəzifələrini yerinə yetirməyə aid olan məsələlərə müdaxiləsinə yol verilmir, kimsə də bu hüquqdan istifadəsinə görə polisi qınaya bilməz.
 
Amma ötən ayın sonlarında “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılması və şəxsiyyətin müəyyən edilməsindən qısa müddət sonra sərbəst buraxılması, təəssüf ki, ucuz sensasiya dalınca qaçan, polis fəaliyyəti barədə elementar təsəvvürləri olmayan bəzi KİV-lərdə yanlış olaraq dartışılır və vətəndaşlarla belə davranış Azərbaycan qanunvericiliyinin polisin fəaliyyətini tənzimləyən maddələrinə zidd olması, informasiya əldə etmək haqqında qanunun pozulması kimi qiymətləndirilir.
 
Əvvəla, polisin hərəkətləri qanun çərçivəsində həyata keçirilib. İkincisi, bəlli KİV-lərin jurnalistə yanaşma tərzi kökündən yanlışdır. Çünki hər bir media əhli jurnalist olmaqdan öncə yaşadığı ölkənin vətəndaşıdır. Heç bir halda kimsə özünü dövlətdən və onun qanunlarından üstün saya bilməz. Polis üçün bölməyə aparılan şəxsin peşə fəaliyyəti, dini, yaxud siyasi, sosial mənsubiyyəti önəmli deyil. Önəmli olan onun kimliyi və qanunlara münasibətidir. Göstərilən halda da vətəndaşın kimliyi bəlli olduqda o dərhal sərbəst buraxılıb”.

Google+ WhatsApp ok.ru