Bu gün Azərbaycan Premyer Liqasında paytaxt derbisi və `Böyük oyun` olacaq

Bu gün Bakıda keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasına start veriləcək. "Report"un məlumatına görə, əvvəlcə paytaxt derbisi, ardından "Böyük oyun" baş tutacaq.
 
AZAL-la "İnter" ötən turu məğlubiyyətlə başa vurub. "Təyyarəçilər" Gəncədə "Kəpəz"ə, "bankirlər" evdə "Qəbələ"yə uduzub. Bugünkü qarşılaşmada meydan sahibləri qalib gəlsələr, xallarını 28-ə çatdıracaq və "Neftçi" "Xəzər Lənkəran"a uduzacağı təqdirdə, 6-cı pilləyə yüksələcəklər. Qış fasiləsindən sonra xal qazana bilməyən "İnter" isə qələbə təqdirində xallarını 33-ə çatdıraraq, ən azı bir günlük liderliyə yüksələcək.
 
İndiyədək iki komanda 28 dəfə üz-üzə gəlib. Bunların 5-də AZAL, 11-də "İnter" qalib gəlibsə, 12 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "bankirlər" öndədirlər - 20:27. Digər tərəfdən, öz aralarındakı ardıcıl 3 oyunda “İnter” qol buraxmadan qalib gəlib və 10 matçdır meydanı qolsuz tərk etmir. AZAL isə son 9 görüşdə qələbə qazana bilməyib.
 
"Neftçi" ilə "Xəzər Lənkəran" isə 36-cı dəfə üz-üzə gələcək. Əvvəlki oyunların 13-də flaqman, 7-də cənublular qələbə qazanıb, 15-də heç-heçə qeydə alınıb. Topların nisbəti 39:29-dur. Bugünkü "Böyük oyun"da vuracağı qol hər iki komanda üçün yubiley əhəmiyyəti daşıyacaq. Digər tərəfdən, “Neftçi” 10 oyundur rəqibinə uduzmur. Paytaxt klubu son 9 qarşılaşmada meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” son 13 səfər matçında qalib gələ bilməyib.
 
Hazırda hər iki komanda elə də yaxşı günlərini yaşamır. Hazırda 6-cı pillədə olan "Neftçi" mütləq qələbə qazanmalıdır. Bu, baş versə və "İnter" AZAL-la oyunda xal itirsə, "ağ-qaralar" xallarını 31-ə çatdıraraq, ən azı 1 pillə irəliləyəcəklər. Heyəti gənclərdən qurulan cənublular isə qələbə təqdirində xallarını 16-ya çatdırsalar da, 9-cu pillədən qurtula bilməyəcəklər.
 
Azərbaycan Premyer Liqası, XXI tur
 
13 fevral (şənbə)
14:30. AZAL – "İnter”
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "AZAL Arena”
 
17:00. "Neftçi” – "Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "Bakcell Arena”  

Google+ WhatsApp ok.ru