`Bu işlərdə əli olan məmurların heç biri hələ də cəzalandırılmayıb`

"Dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait qeyri səmərəli biznesi stimullaşdırmaqla yanaşı həm də məmurların, dələduzların gəlir mənbəyinə çevrilib"
 
Maide.az-ın məlumatına görə, bunu moderator.az -a açıqlamasında kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli bildirib.
 
Onun sözlərinə görə: "Ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi əsas gətirilərək dövlət büdcəsində hər ildə fermer təsərrüfatlarına dövlət dəstəyi, dövlət yardımı adı ilə milyonlarla maliyyə vəsaiti ayrılır. 
 
Əvvəllər bu istiqamətə 80, 110 milyon manat ayrılması nəzərdə tutulduğu halda, 2015-ci il dövlət büdcəsindədə 186, 2 milyon manat kənd təsərrüfatına dövlət dəstəyi nəzərdə tutulub. Bu vəsaitlər kənd  təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrənin dəyərinin orta hesabla 50 faizinin dövlət büdcəsi hesabına ödənilməsi, buğda və çəltik istehsalının stimullaşdırılması və əsasən taxıl istehsalının təşviqi üzrə tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulur. Onu da qeyd etməliyəm ki, bu sahəyə xüsusən buğda istehsalı üçün subsidiya ayrılmayan zamanlarda 2000-ci illərin əvvəllərində ölkəyə idxal olunan buğdanın həcmi 600-700 min ton olduğu halda subsidiya ayrılan ildən, yəni 2007–ci ildən başlayaraq idxalın həcmi 2 dəfə artmışdı. Hazırda ölkəyə 1,3-1,5 milyon ton hər ildə buğda idxal olunur. Baxmayaraq ki, hər hektar buğda sahəsi üçün fermerlərə 2 dəfə artıq məbləğdə, yəni 80 manat subsidiyanın verilməsi nəzərdə tutulurdu. Bu ildən hər hektar sahə üçün ayrılan subsidiyanın həcmi 25 faiz artırılsa da verilən subsidiyanın səmərəliliyini təmin etmək üçün hələ də effektli verilmə mexanizmi müəyyən olunmayıb. Bu səbəbdən də dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait qeyri səmərəli biznesi stimullaşdırmaqla yanaşı həm də məmurların, dələduzların gəlir mənməyinə çevrilib. Bu haqda ölkə başçısı da dəfələrlə müşavirələrdə demişdi. Bu istiqamətə ayrılan dövlət vəsaitlərinin mənimsəməsi faktları olduğu haqda deyilsə də bu işlərdə əli olan hökumət məmurlarının heç biri hələ də cəzalandırılmayıb. Belə olan halda isə düşünmək olar ki, gələcəkdə də kənd təsərrüfatının inkişafı üçün ayrılan maliyyə vəsaitlərinin mənimsənilməsi, talan edilməsi halları davam edəcək."

Google+ WhatsApp ok.ru