`Bu insanlar Şamı müqəddəs sayırlarsa, niyə Şuşanı müqəddəs saymırlar?`

Azərbaycanda dini zəmində gərginliyin artması ilə bağlı narahatlıq var. Bir neçə gün əvvəl Sabirabadda sələfi əqidəli şəxsin saqqalının qırxılması, bundan sonra bir qrup radikal dindarın Müşviqabad qəsəbəsində şiə dindarlara hücum etməsi ölkədə ciddi şəkildə gərginlik ab-havası yaradıb. Sosial şəbəkələrdə, mediada məzhəblərarası gərginliyi qızışdıracaq çağırışlar artıb.
 
İraq və Suriyada baş verən məzhəblərarası toqquşmaların Azərbaycana sirayət edəcəyi ilə bağlı qorxulu proqnozlar da var. 
 
Azərbaycan bu təhlükələrdən nə qədər sığortalanıb? Hakimiyyət, cəmiyyət, siyasi müxalifət dini zəmində gərginliyin qarşısını almaq üçün nə düşünür? 
 
Qeyd edək ki, ötən gün qafqazinfo saytı Sabirabadda saqqal kəsən Rəmzi Zeynalov barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılması ilə bağlı xəbər yayıb. Saytın məlumatına görə, onun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib. 
 
Müsavat Partiyası Divanının bazar ertəsi günü keçirilən toplantısında Azərbaycanda son günlər dini zəmində artan gərginlik müzakirə olunub. Bu barədə “Yeni Müsavat”a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verdi. Onun sözlərinə görə, Müsavat cəmiyyəti dini mövzularda həssas olmağa çağırıb: “Biz hesab edirik ki, dini mövzu, xüsusən də müxtəlif istiqamətlər arasında olan münasibətlər həssas mövzulardır. İlk növbədə Azərbaycan cəmiyyəti son dərəcə ehtiyatlı olmalıdır. Siyasətçilər, jurnalistlər, cəmiyyətdə ictimai fikrə təsiri olan şəxslər bu xırda, lokal kimi görünən hadisənin böyüyərək böyük bir qarşıdurma və dağıntılara səbəb olacağını nəzərə alaraq bu kimi məsələlərə ehtiyatla yanaşmalıdırlar”.
 
Yaxın Şərqdə baş verən gərginliklərin Azərbaycana da təsir etdiyini təxmin edən A.Hacılının fikrincə, Azərbaycan cəmiyyəti İraq və Suriyadan fərqləndiyi üçün ölkəmizdə bu cür gərginliklərin olması ehtimalı azdır, ancaq bununla belə, Müsavat funksioneri cəmiyyətin həssas olmasını və əlaqəli şəxslərin xüsusi diqqətli olmasının vacib olduğunu bildirdi: “Burda kimlərinsə kiməsə güc göstərməsi, kiminsə başqaları qarşısında əzələ şişirtməsi yolverilməzdir. Çünki İslam dini insanları qarşıdurmaya, digərlərini alçaltmağa, sıxışdırmağa yox, əksinə, insanlar arasında ilk növbədə müsəlmanlar arasında birlik və bərabərlik yaratmağa yönəlik bir inancdır. Allah-təala Məhəmməd Peyğəmbər (s.ə.s) vasitəsilə göndərdiyi tövsiyələrində birgə olmağı, bərabərliyi, insanlara qarşı dözümlü yanaşmağı tövsiyə edib. Hazırda həm dünyada, həm də regionda gedən proseslər, eyni zamanda İraqda, Suriyada və digər ölkələrdə baş verən qarşıdurmalar Azərbaycan cəmiyyətində də müəyyən gərginlik yaradır. Ancaq Azərbaycan cəmiyyəti istər Suriya cəmiyyəti, istərsə də İraq cəmiyyətindən inkişaf etmiş, daha irəli getmiş bir cəmiyyətdir. Biz geriyə qayıtmamalı, irəli baxmalıyıq və Azərbaycan cəmiyyətini ayıran yox, birləşdirən cəhətlərin təbliğatı ilə məşğul olmalıyıq”.
 
Politoloq Arzu Nağıyev isə radikal dini qrupların Azərbaycanda qarşıdurma yaratmaq imkanlarının olmadığını bildirdi. Ancaq bununla belə, onun fikrincə, dini radikalizmin qarşısının alınması üçün ölkə daxilində ciddi dini maarifçilik və tolerantlıq mühiti bərqərar olmalıdır: “Bu gün dünyada milli dövlətçiliyi məhv etməyin variantlarından biri də dini zəmində qarşıdurmalardır. Yəni bütün siyasi qüvvələr artıq kənarda qalıb və Azərbaycana təsir edə biləcək əsas məsələlərdən biri məhz budur. Ölkədə birtərəfli dini təbliğat olmamalıdır. Bütün cərəyanlara müəyyən meydan verilməlidir. Radikallıqla maarifçiliyin arası bir addımdır. Bu gün maarifçi olan şəxsi sabah radikala çevirmək çox rahatdır, bir dəfə ”Allahu Əkbər" şüarı deyirsən və qızışdırıcı çağırışlar edirsən. Dövlət dini təbliğat sahəsinə nəzarəti artırmalıdır. Tolerantlıq daha ciddi şəkildə təbliğ olunmalıdır. Mən həmişə deyirəm ki, hər bir dini icmanın sosial layihələri, internet saytı, sosial şəbəkədə səhifəsi olsun. Bu insanlar görsün ki, harada nə baş verir. Nə qədər ki, bu yoxdur, insanlara doğru olan İslam çatdırılmır. Bu çox çətin olacaq".
 
A.Nağıyevə görə, hazırda ölkədə elə bir təhlükəli radikal qüvvə yoxdur: “Ayrı-ayrı icmalar ola bilər ki, radikal çağırışlar etsin. Ancaq bu qrupların radikal fəaliyyətlər edəcəyinə inanmıram. Azərbaycanlıların Suriyaya getməsi səbəblərinə nəzər salmaq lazımdır. Onları Suriyaya çəkib aparan nədir? Əgər bu insanlar Şamı müqəddəs sayırlarsa, niyə Şuşanı müqəddəs saymırlar? Heç icazə olmadan da gedib orda vuruşa bilərlər. İkincisi isə çox maraqlıdır ki, o gedənlərin hamısı Türkiyənin ərazisindən gedir. Yəni Türkiyə bunun qarşısını ala bilməzmi? Əlbəttə, alar. Mənə elə gəlir ki, bu, planlı bir fəaliyyətdir. Bizim dövlət üçün deyil, hansısa kənar qüvvələrin planına uyğun olaraq bu işlər görülür. Bu, bir sıra ölkələrin marağındadır”.  
 
Milli Məclisin deputatı Zahid Oruc isə deyir ki, radikal dini təşkilatların Azərbaycana keçməsi cəhdləri artıq inkar olunmazdır. Deputatın fikrincə, hakimiyyətlə yanaşı, cəmiyyət özü də bu cür tendensiyalara qarşı olmalıdır: “Mənə elə gəlir ki, dövlət bu məsələləri nə qədər nəzarət altında saxlasa da, cəmiyyətə bir müraciətə də ehtiyac var. Dövlət millətlə birlikdə bu təhlükəyə qarşı mübarizə aparmalıdırlar, əks halda, çox çətin olacaq. İraq və Suriyada döyüşənlər, sonradan bu fəaliyyətlərini başqa bir ölkəyə keçirəcəklər”.
Radikal, təkfirçi düşüncənin konkret bir icma və ya cərəyanda mövcud olmadığını qeyd edən deputatın fikrincə, beyinləri doldurulmuş, zombiləşmiş qruplar hər zaman təhlükəlidir: “Açığı desəm bunların sosial sinfi siması yoxdur. Dini baxımdan da onları ayrı-ayrı sərhədlərə bölmək olmaz. Məncə, onlar artıq legioner yetişdirən, vahid bir mili kimliyi olmayan qladiatorlardır. Azərbaycanda da ya vəhhabilər adı altında, ya radikal sələfilik adı altında belə proseslərə cəhdlər edənlər var ki, bu ölkədə oturuşmuş dini sistem, tolerantlıq mühiti pozulsun. 
 
Dini toqquşmalar baş versin, hakimiyyət üçün siyasi müxalifətdən kənar dini müxalifətlə toqquşmalar real mahiyyət daşısın. Burda məsələnin cazibəli tərəfi də var, onları nə qədər sıxışdırsalar onlar fəaliyyətlərini davam etdirəcəklər, ”Müsəlman Qardaşları"na çevriləcəklər. Səudiyyə hökuməti vəhhabiliyin rəsmi ideologiyası olaraq dünyada yayılması üçün hər il milyonlarla vəsait xərcləyir. Bir çoxları maddi səbəbdən də həqiqətən də inandıqları, real dini məsələləri gördükləri üçün bu cərəyana qoşulur. Mən bilirəm ki, siz dinə yaxın bir jurnalistsiniz, müxtəlif zamanlarda yazılarınızı da oxumuşam. Mən bizim mötəbər din xadimlərindən də eşitmişəm ki, vəhhabilik çox normaldır. Burada heç bir təhlükə yoxdur, ona qarşı mübarizə təhlükə yaradır. Təxminən belə bir formul var, “İslamı qapıdan qovdun, gedib silahla qayıtdı”. Yəni dinlə savaşanda böyük bir təşkilatlanmış kütləyə çevrilir. Düşünürəm ki, dini azadlıqlar geniş olmalıdır. Birləşmiş Ştatlar bütün dinlərin vahid məkanına necə çevrildi? Dünyada bir-biri ilə savaşan dinlər orada dinc yanaşı yaşayırlar. Dinlərə azadlıq verilməli, həqiqi dini dəyərlər təbliğ olunmalıdır. Əsl İslamın mahiyyəti ortaya qoyulmalıdır. Din xadimləri savadlanmalıdır, orta məktəblərdə islamın həqiqi əsasları tədris olunmalıdır. Əgər bu gün Gülən məktəblərini din təbliğ edir deyə bağlayırıqsa, o zaman onun əvəzinə alternativi ortaya qoymalıyıq. Əsl İslamı ortalığa qoymaq lazımdır. Nəinki vəhhabilik, hətta bizim dini komitəni təmsil edən məmurlarla yerli axundlar arasında çox ciddi münaqişə var. Bunların özü təhlükədir. Vahid bir koordinasiya, milli birlik konsepsiyası yoxdur. Kimsə deyir ki, dövlət bunu tənzimləməsin, Qafqaz Müsəlmanları İdarəsinə verilsin səlahiyyətlər. Çox gözəl, onlar yaratsınlar. Əgər dövlət görsə ki, bundan sonra hansısa qruplar qanunsuz əməllərə gedir, o zaman dövlət bu prosesə müdaxilə edə bilər". /Yeni Müsavat

 

Google+ WhatsApp ok.ru