BVF-nin təklifləri hökumət üçün ciddi xəbərdarlıqdır

Ekspertlərin fikrincə, artıq tədiyyə balansının sıfır səviyyəsinə düşməsi Azərbaycanı təhdid etməyə başlayıb

Azərbaycanın üzləşdiyi maliyyə böhranının acınacaqlı səviyyəyə çatdığını beynəlxalq maliyyə institutları da etiraf edir. Artıq BVF Azərbaycana düşdüyü vəziyyətdən çıxmağın yolların da göstərib. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi işçi heyət yanvarın 28-dən fevralın 3-dək Bakıda faktaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub və səfərin sonunda Qorçi bəyanat yayıb.
 
Bəyanatda deyilir ki, Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticari tərəfdaş olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində, mənfi şoklar silsiləsinə məruz qalıb. Bəyanatda vurğulanır ki, gələcəyə baxdıqda, iqtisadi artım və tədiyə balansı üzərindəki təzyiqlər, yaxın gələcəkdə, rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcək. Çıxış yolu kimi çevik məzənnə rejiminə keçidə kömək etmək üçün pul siyasəti çərçivəsinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi və iqtisadiyyatı daha çox şaxələndirmək naminə struktur islahatlarının həyata keçirilməsi daxildir. “Bu mənada, biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə, 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəlib”, deyə bəyanatda vurğulanır.
 
İqtisadçı Nemət Əliyev "Azadlıq"a bildirib ki, BVF-nin bəyanatında vurğulanan məqamlar reallığı tam əks etdirir. Artıq tədiyyə balansının sıfır səviyyəsinə düşməsinin Azərbaycanı təhdid etməyə başladığını deyən N.Əliyev vurğuladı ki, hökumətin xarici ölkələrdən borc almaq, ölkənin aktivlərini satmaq istiqamətindəki canfəşanlığı da bundan irəli gəlir: “Ölkənin qeyri-neft sektorunda o qədər ağır durum yaranıb ki, ölkəyə valyuta ehtiyatları qazandıra biləcək bir istiqamət yoxdur. Belə bir vəziyyətdən çıxış yolu ölkənin qeyri-neft sektorunu inkişaf etdirməkdən keçir. Bu hakimiyyət ya hər şeyi taleyin ümidinə buraxmalıdır ki, nə vaxt neft qalxar problem həllini tapar. Ya da hökumət həm idaretmə, həm də ölkənin emal sektorunun inkişaf etdirilməsi sahəsində real islahatlara getməlidir”.
 
N.Əliyev vurğuladı ki, hökumətin ölkənin aktivlərini sataraq valyutaya çevirmək niyyəti əslində düzgün yanaşma deyil.  Çünki ölkənin beynəlxalq qurumlardan asılı vəziyyətə gətirmək bağışlanmaz səhvdir.

Google+ WhatsApp ok.ru