Dilqəmlə Şahbazın girov saxlanılması Cenevrə Konvensiyasına ziddir - Hərbi ekspert

“Azərbaycan və Ermənistanın qoşulduğu hərbi əsirlər və mülki əhali haqqında Cenevrə Konvensiyasına əsasən (2-ci dünya müharibəsi zamanından qüvvədədir), ümumiyyətlə, mülki şəxslərin girov saxlanılması və ya həbs olunması qəti qadağandır. Yəni konvensiyasnın müddəalarına ziddir”.
 
Maide.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib.
 
O qeyd edib ki, Cenevrə Konvensiyasına görə əsir düşən hərbçilər qeyd-şərtsiz qarşı tərəfə təhvil verilməlidir: “Bu konvensiyaya görə hər şey - ümumilikdə  Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı nə baş verirsə, hamısı qanuna ziddir. Qondarma bir ittihama görə həbs olunan soydaşlarımız əsassız müddəlarla günhalandırılırlar.
 
Çünki adamlar öz doğulduqları torpağa gediblər. Bunun harası cinayətdir?! Heç bir məntiqə sığmayan bir haldır. Ayrıca konvensiyaya görə, ağır xəstəlikləri, o cümlədən şəkər xəstəliyi olan insanlar xüsusi olaraq müalicə almalı və dustaq kimi qalmamalıdır”.
 
Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girovlar bir neçə maddə ilə ittiham olunaraq Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Dilqəm Əsgərovun vəziyyətinin yaxşı olmadığı, onun müayinəsi üçün Gürcüstandan həkim dəvət olunacağı bildirilib. Qeyd edək ki, girovluqda saxlanılan şəxs şəkər xəstəliyindən əziyyət çəkir.

Google+ WhatsApp ok.ru