İntiqam Əliyev: “Nə həbs, nə yalan ittiham məni sındırmayacaq”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi davam edib.
 
İclas Əliyevin işi üzrə əvvəlki proseslərə nisbətən daha geniş zalda keçirilib.
 
İclasın əvvəlində hakim gözlənilmədən Əliyevin dəmir barmaqlıqlar arxasından çıxarılıb vəkillərinin yanında oturmasına icazə verilməsi haqqında qərar qəbul edib. Bu qərar zalda alqışla qarşılanıb.
 
Daha sonra Əliyev bildirib ki, o, avtozakla məhkəməyə gətirilərkən xüsusilə təhlükəli və aqressiv cinayətkarlar üçün nəzərdə tutulmuş xüsusi bölməyə oturdulub. Bu, dar yerdir, işıq və hava yoxdur və bu şəkildə daşınma təqsirləndirilən şəxsin səhhətinə mənfi təsir göstərib.
 
Əliyev zalda özünü pis hiss edib və ona dərman veriblər.
 
Vəkillər və Əliyev məhkəmədə bu iradlarının Penitensiar Xidmətə çatdırılmasını xahiş ediblər.
 
Əliyevi həmçinin bildirib ki, məhkəməyə gətirilməzdən əvvəl onu diqqətlə yoxlayırlar, soyundururlar və bütün qeydləri əlindən alırlar.
 
Vəkilləri ilə görüşlərindən əvvəl də məhbusun qeydləri əlindən alınır. Hüquq müdafiəçisi bunu vəkilləri ilə ünsiyyətin məxfiliyinin pozulması kimi qiymətləndirib. Məhbusun qeydləri rəhbərliyə verilir və surəti çıxarılır.
 
Əliyev qeydlərin əlindən alınmasını və avtozakda qəbri xatırladan kamerada daşınmasını qeyri-insani rəftar və Avropa İnsan Haqları Konvensiyasında zəmanət verilmiş hüquqlarının pozuntusu kimi qiymətləndirib.
 
Vəkil Fəxrəddin Mehdiyev qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb.
 
Əliyev özü bildirib ki, ölkədən qaçmaq niyyəti yox idi, əks təqdirdə cinayət işi başladığını bildiyi halda qayıtmazdı.
 
“Mən bu ölkədə qalacağam, həbsi mübarizəmin bir hissəsi kimi qiymətləndirirəm. Xədicə, Leyla, Anar, Rəsul, Tofiq, İlqar kimi insanlarla birlikdə həbsdə olmaq mənim üçün qürurdur”, deyə Əliyev bildirib.
 
Digər tərəfdən Əliyev qeyd edib ki, onun həbsdə saxlanılması üçün əsas yoxdur, belə ki, istintaq yekunlaşıb və o, artıq istintaqa heç bir təzyiq göstərə bilməz.
 
Əliyev hesab edir ki, məhz prokurorlar təzyiq göstərir.
 
“Nədənsə milyonları mənimsəməkdə ittiham edilən şəxsləri həbsdən azad edirlər, məni isə yox. Qərarın nə olacağını bilirəm, çünki siyasi məhbuslar ev dustaqlığına buraxılmır. Amma mən bu məsələni Azərbaycan məhkəmələrinin hansı vəziyyətdə olduğunu göstərmək üçün qaldırıram. Nə həbs, nə yalan ittiham mənim iradəmi sındırmayacaq, hansı qərarı istəyirsiniz qəbul edin”, deyə Əliyev bildirib.
 
Öz növbəsində, prokuror bildirib ki, təqsirləndirilən şəxslər məhkəməyə ləyaqətlərinə hörmət edilərək gətirilməlidirlər, qeydlərin alınması isə yolverilməzdir.
 
Öz növbəsində, hakim deyib ki, Penitensiar Xidmətin rəhbərliyinə müraciət göndəriləcək və sözügedən məsələlər aradan qaldırılacaq.
 
Vəkil Şəhla Hümbətova məhkəmənin audio və videoçəkilişinin aparılması haqqında vəsatət qaldırıb. Digər vəkillər də bunu dəstəkləyiblər.
 
Hümbətova qeyd edib ki, çəkiliş aparılması zəruridir, çünki tez-tez iclas protokollarında qəsdən və ya bilmədən proses iştirakçılarının ifadələri təhrif olunur.
 
Videoçəkiliş prosesin şəffaflığına və ədalətliliyinə də şərait yaradacaq.
 
Vəkil Cavad Cavadov sənədlər arasından Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış və müsadirə protokollarının çıxarılması haqqında vəsatət qaldırıb. Protokolda prosessual hərəkətlərin ardıcıllığı göstərilməyib, müsadirə edilmiş materialların siyahısı yoxdur.
 
Əliyev özü bildirib ki, “bu, axtarış deyil, hücum idi”. Onun sözlərinə görə bütün sənədləri sadəcə olaraq torbalara doldurub aparıblar, təşkilatın möhürünü müsadirə ediblər.
 
“Möhürümüzü müsadirə ediblər. Bundan sonra istənilən sənədi saxtalaşdırmaq olar”, deyə Əliyev bildirib.
 
O qeyd edib ki, evindən hətta uşaqlarının və qohumlarının öz şəxsi həyatları ilə bağlı məlumatlar olan kompüterləri müsadirə edilib.
 
Vəkil Hümbətova bildirib ki, sənədlərin bir hissəsi cinayət işinə tikilib. Amma işlə bağlı olmayan materiallar, o cümlədən Əliyevin səhhəti haqqında tibbi sənədlər də qaytarılmır. Bu sənədlər Əliyevin müalicəsinin davam etdirilməsi üçün əhəmiyyətlidir.
 
Daha sonra Əliyev özü qrantların qeydiyyatdan keçirilməməsi haqqında ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, sonuncu iki qrant qeydiyyatdan keçirilməyib və onlar üzrə heç bir iş görülməyib.
 
Öz növbəsində, prokuror bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılıb və bu zaman Əliyevin nümayəndəsi iştirak edib.
 
O, 13 qrant müqaviləsinin qeydiyyatdan keçirilmədiyini, bunun qanunsuz sahibkarlıq olduğunu iddia edib.
 
Hakim qətimkan tədbirinin dəyişdirilməsi və protokolların sənədlər arasından çıxarılması haqqında vəsatətləri təmin etməyib. Sənədlərin qaytarılmasına gəlincə, hakim bu vəsatəti qismən təmin edib və tibbi sənədlərin qaytarılması barədə qərar verib.
 
Bundan sonra prosesdə fasilə elan edilib.
 
İntiqam Əliyev 8 avqust 2014-cü ildə qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Sonradan o, mənimsəmə və vəzifə saxtakarlığında da ittiham edilib.
 
Əliyev bütün ittihamları təkzib edir və siyasi motivli hesab edir. Amnesty İnternational beynəlxaq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

Google+ WhatsApp ok.ru