Ekspert: Manat bir daha dollardan baha olmayacaq

Neftin ucuzlaşması və Rusiyada baş verən böhranın Azərbaycana mənfi təsiri ilə bağlı ekspertlərin aylarla səsləndirdiyi fikirləri ən yüksək səviyyədə bir daha etiraf olundu. Manat devalvasiyaya uğradı.
 
Maide.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.
 
Onun sözlərinə görə, hökumətin manatı “bir az ucuzlaşdırması” nə az, nə çox 33,5% olub. Mütəxəssisin fikrincə, manat bir daha dollardan baha olmayacaq:
 
“İndi yeni situasiya başlayıb. Daha doğrusu ötən ildən başlayan proses yeni ladda davam edəcək. Devalvasiya məsələsi bununla gündəmdən düşmədi, yenidən gündəmə mindi. Biz həmişə devalvasiyanın ya kəskin, ya da yumşaq olacağını söyləsək də, hökumət hər ikisini həyata keçirdi. Əvvəl yumşaq, sonra kəskin”.
 
İqtisadçı manatın sonrakı taleyi ilə bağlı yaranan suallara da cavab tapmağa çalışıb. İqtisadçı bildirir ki, son sözü neftin qiyməti deyəcək:
 
“Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. İlin sonuna kimi manat ən azı 10% ucuzlaşacaq. Böyük ehtimalla dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa manatı ikinci devalvasiya təhlükəsi gözləyir”.
 
Samir Əliyevin fikrincə, sabahdan başlayaraq dollar satışı azalacaq:
 
“Hətta bir müddətdən sonra dollara tələbat yenidən artacaq. Əmanətlərdə dolların payı artacaq, manatın payı azalacaq. Ən əsası manata olan etibar əvvəlki səviyyədə olmayacaq”, - deyə iqtisadçı bildirib.

Google+ WhatsApp ok.ru