Manat “qara zolaqdan” nə vaxt çıxacaq?

Qubad İbadoğlu: “Bu ərəfədə istehlakçılar və iş adamları ehtiyatlı olmalıdırlar”

Ölkədə dolların manata nisbətdə kəskin bahalaşması  cəmiyyətdə ciddi ajiotaj yaradıb.   Mərkəzi Bank fevralın 23-nə 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsini isə 1,1950 AZN müəyyən edib. Həmçinin Mərkəzi Bankdan bildirilib ki, dollarının rəsmi məzənnəsi fevralın 24-dək 1,05 manat səviyyəsində olacaq.
 
Paytaxtın valyutadəyişmə məntəqələrində isə sakitlikdir. Vətəndaşlar daha çox manatın məzənnəsini öyrənmək üçün buraya baş çəkir. Əksər valyutadəyişmə məntəqələri isə hazırda dollar və manatın alqı-satqısı ilə məşğul olmur, əməliyyatları  dayandırılıb.
 
Valyutadəyişmə məntəqələrinin əməkdaşları musavat.com-un əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, vətəndaşlar çaşqınlıq içindədir: “Hamı gəlir, manatın qiymətini soruşur, gedir. Dəyişmək istəyən çox azdır. İşləyən məntəqələr də azdır. Hamımız gözləyirik”.
 
Valyuta satışı ilə məşğul olan Samir Cəfərov bildirdi ki, Mərkəzi Bank rəhbərinin sözlərinə aldanan insanlar bir gecədə itiriblər: “Dolları 1,02 manata almışdım, sonra qəflətən 1 manat oldu, sonra 95-ə düşdü. Axşam hətta 87-yə qoymuşdular. Bu epizodların fırlanması nəticəsində itirdim. Axşam 12-13 min dolar pul almışam 95-lə, enib 92-yə, qalmışıq belə. İndi istəyən olsa, sataram istəyən də yoxdur. Hamı gəlir, soruşur, qayıdır. İri firmalar dükanlara mal vermir. Gözləyirlər ki, mallar 40 faiz bahalaşacaq, buna görə mal vermirlər. Özümün banka dollarla kreditim var. 150 dolar idi, ayda 117 manat ödəyirdim, indi 62 manat itirirəm. Bir gecədə Elman Rüstəmov çıxdı və proseslər belə xaos yaratdı”.
 
Pensiyaçı Mübariz Musayev isə deyir ki, baş verənlərdən hamı narahatdır və narazıdır: “Bizim dəyişməyə manatımız yoxdur. Amma bahalaşmadan qorxuruq. 190 manat pensiya alıram. Necə dolanım?”. Manatın məzənnəsi ilə maraqlanan Eldar Süleymanov da deyir ki, bahalaşmanın davam edəcəyindən narahatdır: “Narahatıq, gözləyirik ki, nəsə olsun. Stabil bir qiymət olsun. Bahalaşmadan narahatıq. Bir kisə un 17 manat idi, indi 20 manatdan bahadır”.
 
Valyutadəyişmə məntəqəsi işlədən Sahib İsayev də deyir ki, əhali daha çox gözləməyə üstünlük verir: “Hamı gözləyir ki, prezident qərar verəcək. Alan gözləyir ki, qiymət enəcək, satan da gözləyir bir az da qalxacaq. Biz Mərkəzi Bankın rəhbərinə inandıq”. 
 
Ekspertlər isə bildirirlər ki, baş verənlər hökumətin iqtisadi təzyiqlər qarşısında dayana bilmədiyini göstərir. İqtisadçı Qubad İbadoğlu "Yeni Müsavat"a bildirib ki, Mərkəzi Bank məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə açıqlama verəndən 5 gün sonra ölkə üçün “iqtisadi qiyamət” hesab oluna biləcək hadisə yaratdı: “İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə həmin günə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən etdi. Qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul etdiyi rəsmi olaraq bəyan edən Mərkəzi Bank hazırkı iqtisadi təzyiqlər qarşısında nə qədər aciz olduğunu bir daha nümayiş etdirdi”.
 
Ekspertin sözlərinə görə, məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidi elan etdikdən 5 gün sonra “şok terapiya” metodunu seçərək inzibati qaydada rəsmi olaraq manatın məzənnəsini dollara nisbətdə 33,5 faiz ucuzlaşdırılıb. “Təhlillər göstərir ki, ilin başlanğıcında dövlət büdcəsinin mədaxil hissəsini təmin etmək xeyli çətin olub. Bu yükü əsasən qeyri-neft sektorunun üzərinə qoymaq istəyən fiskal orqanlar sahibkarları hələ 1-ci rüb başa çatmamış ciddi şəkildə dövlət orqanlarından narazı salıblar. 
 
Belə davam edəcəyi halda, bu il büdcənin idarə olunmasında ciddi çətinliklərlə üzləşəcəyindən narahat olan hökumət gəlirlərin nominal olaraq icra olunması üçün monetar üsulla tənzimləməyə qərar vermiş və manatın devalvasiyası yolu ilə 2015-ci il üçün milli iqtisadiyyatın qarşılaşdığı 3 əsas problemin həllinə stimul vermişdir. Bunlar büdcə gəlirlərinin nominal olaraq artımı, müvəqqəti də olsa alıcılıq qabiliyyətinin yüksəlməsi və valyuta ehtiyatlarının sürətlə azalma tempinin qarşısının alınmasıdır. Mərkəz Bankın bəyanatında göstərilən - milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək - çağırışlarına gəlincə, iqtisadçılara bəllidir ki, bu problemləri son illərin şüarına çevirən hazırkı hökumət illərdir ki, onların heç birini həll edə bilmir və manatın devalvasiyası ilə də ona nail ola biləcəyi şübhə doğurur”. 
 
Ekspertin sözlərinə görə, manatın devalvasiyasına dair Mərkəzi Bankın əsaslandırması çox zəif görsənir və yenə də əsl həqiqətləri gizlətməyə xidmət edir".
 
Onun sözlərinə görə, yalnız ötən ilin dekabr və bu ilin yanvar aylarında bu məqsədlə 2,2 milyard manatdan çox vəsait xərcləyən Mərkəzi Bank baş verənlərin və gözlənilənlərin məsuliyyətini manatın devalvasiyası qərarını verməklə özündən bir az uzaqlaşdırdı: “Bu qərarın fevralın 21-də verilməsini əsaslandırarkən istinad olunan arqumentlərdən biri də hazırda onun sosial təsirlərinin bir neçə ay sonra ilə müqayisədə nisbətən zəif olacağı qənaəti idi. Həqiqətən də əmək bazarına xüsusilə də dövlət şirkətlərindən çıxarılan ixtisaslı işsizlərin və Rusiyadan geri dönən həmyerlilərimizin hesabına yeni və məhsuldar işçi qüvvənin daxil olması bu bazarda rəqabətin kəskinləşəcəyindən və işsizlərin sayının kütləvi artmasına görə sosial vəziyyətin getdikcə pisləşəcəyindən xəbər verir. Mərkəz Bank hesab etdi ki, əhali indi bu yükü götürməyə və devalvasiyanın xərclərini örtməyə indi bir neçə ay sonra ilə müqayisədə daha çox hazırdır”. 
 
Onun sözlərinə görə, baş verənlər göstərdi ki, ölkə iqtisadiyyatı 25 illik keçid dövründən sonra da bazar iqtisadiyyatı qanunları ilə deyil, inzibatı üsullarla tənzimlənir: “Odur ki, böhranqabağı və ya böhran dövrdə milli iqtisadiyyatımız özü-özünü tənzimləmək funksiyasına malik deyil, ölkə iqtisadiyyatı hələ də də bir neçə səlahiyyətli şəxsin qərarından asılıdır. Belə olanda da hökumət, parlament və xalq qarşısında məsuliyyət daşımayan şəxslərdən yetərincə əsaslandırılmayan istənilən qərar gözləmək olar. Bu isə çox risklidir və hələ ”sonuncu sürpriz" deyil. İnzibatı metodlara üstünlük verilən idarəetmədən yenə də sürprizlər gözləmək olar. Odur ki, bu ərəfədə istehlakçılar və iş adamları ehtiyatlı olmalıdırlar... Bu hadisə nümayiş etdirdi ki, heç bir siyasi sistem iqtisadi böhrana davam gətirə bilmir və hazırkı şəraitdə iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşib". 

Google+ WhatsApp ok.ru