Elşad Babayevin ölümü ilə bağlı cinayət işi qaldırılıb

14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 309.2 maddəsi (vəzifə səlahiyyətlərini aşma - bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Hazırda hadisə ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən şəxs yoxdur. Bu barədə Turan-a hüquq- mühafizə orqanlarındakı mənbələrdən bəlli olub. 
 
309.2 maddəsinin sanksiyasında 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
 
Elşad Babayevin bacısı Sumuzər Babayeva qardaşının bədənində çoxsaylı qançırların, baş nahiyəsində çapıq olan nəşinin şəklini media vasitəsi ilə yayıb. O,  qardaşının nəşinin fotolarını məhkəmə -tibbi ekspertizasında çəkdiyini bildirib. Öz növbəsində məhkəmə- tibbi eksperiza E. Babayevin ürək tutmasından öldüyü barədə rəy verib.
 
O,  qardaşının işgəncələr nəticəsində öldürüldüyünü bildirib. Eyni zamanda S. Babayevanın dediklərini 14 saylı cəzaçəkmə müəssisəsində olan digər məhbuslar da təsdiq ediblər.
 
S. Babayeva bildirib ki, qardaşının qatıllərinin cəzalandırılmasına nail olmaq üçün sona qədər mübarizə aparacaq. “Qardaşımı öıldürüblər. Özü də işgəncə verib öldürüblər. Bunu danmaq olmaz. Fotolardan görünür ki, qardaşım amansız işgəncələrə məruz qalıb. Onun ürək tutmasından ölməsini demək bu cinayəti ört-basdır etməyə cəhddir. Lakin mən sona qədər mübarizə aparacam ki, bu cinayəti törədənlər cəzalandırılsın”, - o bildirib.
 
Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisinində məhbuslar Elşad Babayevin işgəncə ilə öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.
 
Aksiyadan sonra məhbuslara isnadən media yazıb ki, müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə E. Babayevə qarşı amansız rəftara yol verərək onun ölümünə səbəb olub.
 
Penitensiar Xidmət isə müəssisədə etiraz olduğunu təsdiqləsə də bunun səbəbini məhbusların intizam qaydalarını pozmağa cəhdi ilə izah edib.
 
Etiraz zamanı 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən tanınmış hüquqşünas Qurban Məmmədov məhbusların etirazından bir neçə gün sonra cəzaçəkmə müəssisəsində etiraz edən məhbusların işgəncələrə məruz qoyulduğunu bildirib.

Google+ WhatsApp ok.ru