Ermənilər əsir `diversantımızın` şəklini yaydı

Azərbaycandan olan diversiya kəşfiyyat qrupunun Kəlbəcər istiqamətində təmas xəttini keçdiyi haqqında  erməni mediası tərəfindən yayılan məlumatlar Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təkzib edilsə də, həmin məlumatla bağlı bu gün yeni fotolar yayılıb.

 
Fotoları qondarma rejimin Müdafiə Nazirliyi yayıb.
 
Qondarma rejimdən bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi faktı və Azərbaycan diversantının əsir düşməsini inkar etdiyi üçün fotolar təqdim edilir.
 
Məlumatda göstərilir ki, əsir götürülənlərdən biri Tərtərin Qapanlı kənd sakini Quliyev Şahbaz Cəlal oğlu (1968-ci il təvəllüdlü) diversiya məqsədilə cəbhə xəttini keçib və əsir düşüb. Məlumatda o da göstərilir ki, adı açıqlanan şəxs əsir düşənlərdən sadəcə bir nəfəridir. Əsirlərin ümumi sayı barəsində məlumat verilməyib.
 
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərli Axar.az-a bildirdi ki, erməni tərəfi əsir götürdüyünü iddia etdiyi hərbiçimizin adını, soyadını açıqlayıbsa, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlama verməlidir:
 
“Ancaq burda bəzi məqamlar var: kəşfiyyat üçün lazım olan avadanlıqlar olmalıdır. Erməni tərəfinin yayımladığı fotolarda isə Azərbaycan bayrağı, rezin çəkmə və digər şeylər kəşfiyyat-diversiya fəaliyyəti zamanı hərbçinin istifadə edəcəyi avandalıqların içərisində göstərilib. Bu, daha çox erməni tərəfinin gicbəsərliyinə bənzəyir. Kəşfiyyata gedən hərbiçi niyə rezin çəkmə geyinsin ki? O çəkmələr torpaqda daha çox iz salır. Azərbacan tərəfinin diversiyaya göndərdiyi kəşfiyyatçı düşmənin onu izləməsinə imkan verən rezin çəkmə geyib, özü ilə dövlət bayrağı götürər? Bu, tamamilə absurd bir şeydir”.
 
Ü.Cəfərli buna baxmayaraq, ad-soyada və təvəllüdə görə həmin şəxsin mülki vətəndaş ola biləcəyini istisna etmədi:
 
“Ad-soyad və təvəllüd açıqlanıb. Ola bilsin ki, həmin ərazidə yaşayan mülki şəxslər yolu azaraq əsir düşüb və erməni tərəfi də buna silah-sursat əlavə edərək, kəşfiyyatçı donu geydirmək istəyir. Doğrusu, bu versiyanı istisna etmirəm. Bütün hallarda isə ad-soyad məsələsinə görə Müdafiə nazirliyimiz məsələyə aydınlıq gətirməlidir”.
 
Xatırladaq ki, “rezin çəkməli diversantın” çəkməsinin fotosu yayılsa da, kəşfiyyata gedərkən rezin çəkmə geyinən “diversantımızın” öz şəkli yoxdur. Əsir düşən “digər diversantların” isə ümumiyyətlə rezin çəkmələrinin də şəkli yayılmayıb.
 
Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib. Sorğumuza cavab verilən kimi Azərbaycan tərəfinin rəsmi mövqeyini yayımlacağıq.

Google+ WhatsApp ok.ru