«Freedom House» Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırır

«Jurnalist İlqar Nəsibova dəhşətli fiziki hücum Azərbaycanda insan haqlarının vəziyyətinin sürətlə və köklü pisləşməsində sonuncu travmadır».
 
Belə bir bəyanatla «Freedom House» insan hüquqları təşkilatının prezidenti David J. Kramer çıxış edib.  
 
«Görünür, Azərbaycan hökuməti saxta ittihamlı həbslərlə, ya da avqustun 21-də Nəsibova qarşı olduğu kimi, döyməklə insan haqları fəallarını və hakimiyyət tənqidçilərini qorxuzmaqda israrlıdır. Dünyanın diqqəti başqa «qaynar nöqtə»lərə cəmləşdiyi bir vaxtda prezident İlham Əliyev tənqidlərin nəticəsiz ötüşəcəyini düşünürsə, tam yanılır».  
 
D.Kramer-in fikrincə, «qorxulu və düşmən» mühitə İlham Əliyev və onun hökuməti cavabdehlik daşıyır:
 
«Birləşmiş Ştatlar və Avropa Birliyi bu dəhşətli hücumlara icazə verən və onları törədən rəsmilərə qarşı sanksiyaları nəzərdən keçirməlidir».
 
«Dünyada Azadlıq-2014» hesabatında Azərbaycan «qeyri-azad» ölkələr sırasında yer alır.
 
SƏFİRLİK ŞOKA DÜŞÜB
 
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də İlqar Nəsibovun döyülməsinə münasibət bildirib.
 
«Naxçıvanda İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şoka düşdük. Ümid edirik ki, ədalətli araşdırma olacaq və cinayətkarlar cəzasını alacaq» - səfirliyin «facebook» səhifəsində deyilir.

Google+ WhatsApp ok.ru