Ombudsman Aparatının nümayəndələri Pərviz Həşimli ilə görüşüb

Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Vəkil açıqlamasında bildirib ki, bir neçə gün əvvəl Ombudsman aparatının nümayəndələri də Pərviz Həşimliyə baş çəkiblər. “Pərviz Həşimli bildirib ki, saxlanılma şəraitindən narazılığı yoxdur. Onlardan xahiş edib ki, ailəsi ilə açıq görüş verilməsinə köməklik etsinlər”.
Qeyd edək ki, bir neçə aydır BİT-də saxlanılan Pərviz Həşimliyə ailəsi ilə görüş yalnız şüşə arakəsmə vasitəsilə icazə verilir. Jurnalistin özü və ziləsi dəfələrlə müxtəlif instansiyalara müraciət etsələr də, qadağa aradan qaldırılmır. 
Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 
Həbs olunduqdan sonra MTN-in istintaq təcridxanasında saxlanan P.Həşimli hökmdən sonra Bakı İstintaq Təcridxanasına köçürülüb.

Google+ WhatsApp ok.ru