FTX: “Sumqayıt əmiri”nin qardaşı alma satıb pulları Suriyaya göndərirdi...

Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Sumqayıt camaatı”nın liderinin qardaşının Suriyadakı terrorçuları maliyyələşdirməsinə dair cinayət işinin istintaqını aparır.
 
Bu haqda “Kommersant” qəzeti yazır. Federal Təhlükəsizlik Xidmətinin (FTX) Lipetsk vilayəti üzrə idarəsinin irəli sürdüyü ittiham aktına görə Azərbaycan vətəndaşı Qaçay Tağı oğlu Hacıyev Rusiyada alma satışından qazandığı pulları Suriyadakı “Cund əş-Şam” qruplaşmasına (“Böyük Suriyanın döyüşçüləri”) göndərib.
 
Bu cinayət işinin fiqurantları isə bildirirlər ki, onlar qardaşlarına yardım ediblər, onun yoxa çıxmasından sonra isə ailəsinə pul göndəriblər.
 
Suriyadakı radikal qruplaşmalara yardım edən azərbaycanlıların həbs olunduğu haqda hələ fevralın 27-də Lipetsk prokurorluğu ilə FTX-nin regional idarəsi birgə məlumat yayıb. Lakin o vaxt istintaqın maraqları naminə digər detallar açıqlanmamışdı, saxlanılanların familiyası da göstərilməmişdi.
 
Martın ortalarında məhkəmə onların aprelin sonuna qədər həbsdə saxlanılması barədə qərar çıxarıb.
 
“Kommersant”a məlum olub ki, bu iş üzrə ittiham olunanlardan biri Lipetskdə yaşayan Azərbaycan vətəndaşı Qaçay Tağı oğlu Hacıyevdir, milliyyətcə talışdır.
 
Qohumlarının bildirdiyinə görə, xüsusi xidmət orqanlarının Hacıyevi həbs etməsi onlar üçün tamamilə gözlənilməz olub. Bazarda alma satan Qaçay Tağıyev fevralın 26-da öz “Nissan” markalı cipində işdən evə dönərkən qəfildən onu yolda dayandırıblar və FTX-nin əməliyyatçıları saxlayıblar.
 
“Həmin gecəni onun harada saxlanıldığı məlum deyildi. Ertəsi gün FTX əməliyyatçıları ilə birlikdə evə gəldi, bədənində döyülmə izləri var idi. Onu həbs etdilər, saxlanılandan 10 gün sonra isə rəsmi ittiham irəli sürdülər”- qohumlardan biri deyib.
 
Hazırda Qaçay Lipetskdə FTX-nin təcridxanasında saxlanılır, onun ailəsini isə qohumları Sankt-Peterburqa aparıblar. Söhbət Qaçayın uşaqlarından və milliyyətcə talış olan arvadından gedir.
 
Qaçayın keçmiş arvadı Viktoriya Babkina deyir ki, qadın rus dilində bilmir, ancaq ərinin Suriyada terrorçuları maliyyələşdirməsi haqda ittihamların yalan olduğunu bildirir.
 
“Qaçayı heç cür iri biznesmen saymaq olmaz. Topdansatışdan bir maşın alma alırdı, bazarda satırdı. Bütün biznesi bundan ibarət idi. İstintaq iddia edir ki, o, qazandığı pulları Türkiyəyə göndərib, oradan isə pullar Suriyadakı terrorçulara göndərilib. Əslində isə o, pulları qardaşına, onun arvadına və uşaqlarına göndərib”- Viktoriya bildirir.
 
“O, Suriya ilə yanaşı həmişə Azərbaycan və Rusiyada yaşayan qohumlarına da pul göndərib”- qadın əlavə edib.
 
Viktoriya danışır ki, Qaçayın qardaşı Aqil bir il əvvəl Suriyada yoxa çıxıb, o, ailəsi ilə birlikdə döyüş gedən ərazilərdən birində yaşayırmış. Ötən ilin aprelində Azərbaycan KİV-ləri Aqil Hacıyevin “əl-Nusra Cəbhəsi” qruplaşmasına əsir düşdüyünü və  şəriət qanunlarına görə edam ediləcəyini xəbər veriblər. Lakin onun öldürüldüyü haqda xəbər yoxdur. Hazırda Aqilin və ailəsinin taleyi məlum deyil.
 
Azərbaycan xüsusi xidmət orqanları isə öz növbəsində yoxa çıxmış Aqili terrorçu hesab edir. Onların məlumatına görə, Aqil “Sumqayıt camaatı”nın - “Qafqaz əmirliyi” terrorçu qruplaşmasına bağlı olan qrupun əmiri olub.
 
Aqil Hacıyev xəvariclər təriqətinə mənsub olan qadınla evlənib. Suriyada irimiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl ailəsi və uşaqları ilə birlikdə bu ölkəyə gedib. O, Suriyada “Cund əş-Şam” qruplaşmasının tərkibində döyüşüb. Bu qruplaşma 2006-cı ildən Rusiya Ali Məhkəməsi tərəfindən terrorçu təşkilat kimi tanınıb.
 
Viktoriya Babkina deyir ki, onun keçmiş əri qardaşı haqda danışanda onu “qatı dindar adam” kimi xarakterizə edirdi: “Qaçay deyirdi ki, Aqil özünün dörd uşağından əlavə Suriyada aldığı ikinci arvadından olan iki uşağına, habelə daha iki yetim uşağa da baxır”.
 
V.Babkina Qaçayın terrorçuları  maliyyələşdirdiyi haqda ittihamları əsassız hesab edir: “Qohumlarının dediyinə görə, Aqilin ailəsinə Azərbaycandan da pul köçürənlər olub. Qaçay bir neçə dəfə onlara yardım edib - 500 dollardan 2 min dollara qədər. Cəmi 5 min dollar. Aqil ailədə yeganə qazanc gətirən olub”.
 
FTX-nin Lipetsk regional idarəsindən isə Qaçay barədə deyilənləri şərh etməyiblər.
 
“Cund əş-Şam”qruplaşması 2004-cü ilin mayında Livanda “əl-Qaidə”nin dəstəyi ilə “Əsbat əl-Ənsar” terrorçu təşkilatı tərəfindən yaradılıb. Livanın cənubunda fələstinli qaçqınların Ayn əl-Hilva düşərgəsində yerləşir. Məqsədi İslam qaydaları ilə idarə olunmayan ölkələrdə hakimiyyətləri devirmək və xilafət yaratmaqdır. Qruplaşma 2005-ci ildə Qətərdə Britaniya məktəbində və Livanın xristian rayonlarında partlayışlar törədib.
 
2004-2005-ci illərdə qruplaşma Çeçenistandakı radikal qruplarla əlaqə yaradıb. Onlarla çeçen yaraqlısı “Cund əş-Şam”ın bazasında təlim keçib. Terrorçu qruplaşma Rusiyanın Livandakı səfirliyinə qarşı terror planı hazırlayıb. 2008-ci ildə qruplaşmanın lideri Şehade Cavhar Fələstinin “Fəth” hərəkatının döyüşçüləri ilə atışmada yaralanıb və ölüb. Suriyada münaqişənin başlamasından sonra qruplaşmanın yüzlərlə üzvü Əsəd rejiminə qarşı döyüşlərə qatılıb.(virtualaz.org)

Google+ WhatsApp ok.ru