Gürcülər zarafatla öz ölkələrinə SOCARvelo deyirlər...

Gürcüstan və Azərbaycan futbol fanatlarının arasında düşən davaya baş nazir İrakli Garibaşvili münasibət bildirib:
 
“Heç kimə Gürcüstan-Azərbaycan münasibətlərinə kölgə salmağa imkan verilməyəcək”, deyə baş nazir iyunun 4-də bildirib.
 
UEFA Avropa Liqasının iyulun 2-də Tbilisidə keçirilən ilk seçmə oyunlarından sonra (“Dinamo” və “Qəbələ” klubları arasında) gürcü fanatlardan bəziləri “biz 1921-ci ili - Qaxı və Zaqatalanı unutmamışıq” yazılmış plakat qaldırıblar. Təhlükəsizlik xidməti plakatı fanatların əlindən alıb. Bəzi qəzetlər yazır ki, gürcülər Azərbaycan dövlət bayrağını təhqir ediblər.
 
“Dinamo” öz internet saytında hadisə ilə bağlı Azərbaycan dilində üzrxahlıq dərc edib. 
 
Azərbaycan rəsmiləri olaya reaksiya verməyiblər.
 
Siyasi şərhçi Zərdüşt Əlizadə AzadlıqRadiosuna deyir ki, Gürcüstanın Azərbaycana qarşı ərazi iddiası ehtimalı “0”dır: “Hər iki ölkə bir-birinə hava-su kimi lazımdır”.
 
Gürcüstan Azərbaycandan güzəştli kreditlər alır, Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın Gürcüstanda nüfuzu elə artır ki, indi gürcülər zarafatla öz ölkələrinə “SOCARvelo” (Gürcüstana gürcülərin özləri “Sakartvelo” deyir) deyir.
 
Azərbaycan üçün Gürcüstan dənizə və Qərbə ən əlverişli quru yolu çıxışıdır.
 
Bunlar iki ölkənin müasir siyasətin diqtəsi ilə formalaşan “qalstuklu münasibətləri”idir.
 
Bəs iki xalqın könlündə gizlənən nədir?
 
Qax, Zaqatala, Balakən və Şəkinin bir hissəsi
 
Adının çəkilməsini istəməyən Gürcüstan doğumlu azərbaycanlı AzadlıqRadiosuna deyir ki, hər bir gürcünün könlündə bir Hereti – Saingilo (Qax, Zaqatala, Balakən və Şəkinin bir hissəsini əhatə edən əraziyə gürcülər belə ad verib) həsrəti var: “Onlar məclislərdə bu torpaqların sağlığına badə qaldırıb, şərab içirlər”.
Gürcüstanda yaşayan başqa bir azərbaycanlı fəal Hacı Hacıyev isə deyir: “İki ildir ki, burda yaşayıram, cəmi bir dəfə bir balıqsatan mənə dedi ki, Zaqatala – Qax Gürcüstanındır. Mən də ona dedim ki, onda Borçalı da bizimdir. Gürcüstan mediası qətiyyən bu iddiaları təbliğ etmir. Odur ki, belə iddiaları ancaq belə - bazar səviyyəsində eşitmək olar”.
 
Hacı Hacıyev deyir ki, böyük ehtimalla son futbol davasını salan beş-üç dindar millətçidir: “Belə adamları məsxərəyə qoyurlar və nüfuzları yoxdur. Bu ideyalar Gürcüstanda populyar deyil”.
 
Azərbaycan mediası isə yazır ki, son dava Rusiyanın Qafqazda daha bir konflikti qızışdırmaq cəhdi ola bilər. Siyasi şərhçi Zərdüşt Əlizadə buna inanmır.
 
Bəs Azərbaycan vətəndaşlarının Gürcüstan torpaqlarında gözü varmı?
 
Rəsmi səviyyədə kimsə ərazi iddiası ilə çıxış etmir.
 
Amma Azərbaycanda millətçi dairələr Kvemo-Kartli (Borçalı) bölgəsini tarixi Azərbaycan torpaqları sayırlar. 

Google+ WhatsApp ok.ru