Həbsdə olan şairin yeri dəyişdirildi

Həbsdə olan şairin yeri dəyişdirildi

Hədə yolu ilə tələb etməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtidev bildirib.
 
Vəkil qeyd edib ki, apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib və şikayətdə ona bəraət istənilib. Saday Şəkərli barəsində çıxarılan hökm qanuni qüvvəyə minməsə də, o artıq bir həftədir ki, saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
 
Xatırladaq ki, ittiham aktına görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
 
S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıdqan məhrum edilib.

Google+ WhatsApp ok.ru