Hacı Mövsüm Səmədovun dəfnə buraxılmaması pislənildi

Xəbər verdiyimiz kimi, Azərbaycan İslam Partiyasının sədri, islamçı məhbus Mövsüm Səmədovun atası Mərdan Səmədov yanvarın 6-sı axşam saatlarında dünyasını dəyişib. M.Səmədov dünən yaşadığı Quba rayonunda dəfn olunub.
 
Mövsüm Səmədovun atasının dəfnində iştirak etməsi üçün müvafiq orqanlara müraciət edilsə də, hələ ki müraciət cavabsız olaraq qalıb. Baxmayaraq ki, vaxtı ilə valideyni vəfat etdiyi üçün dəfndə iştirak etməsinə şərait yaradılan bir neçə məhbuslar olub. Hətta dövlətə xəyanətdə ittiham olunan elə siyasi məhbuslar olub ki, valideyni vəfat etdiyinə görə, dəfndə, yas mərasimində iştirak etməsi üçün azadlığa buraxılıb. Bu cür humanist yanaşmanın AİP sədrinə şamil olunmaması isə ilahiyyatçı-ekspertlər arasında birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı ekspertlər islamazeri.az-a münasibət bildiriblər.
 
“Hakimiyyət bu cür münasibət göstərməklə öz imicinə zərbələr vurmuş olur”
 
AİP rəsmisi Elçin Manafov qeyd edib ki, bu,  hakimiyyətin birmənalı şəkildə qərəzli mövqeyinin göstəricisidir: “Əgər icazə verilmirsə, bu, çox pis yanaşmadır. Qərəzli mövqenin göstəricisidir. İnsanlıq xatirinə ən azından gərək sabah üçün buraxaydılar ki, atasının üçü mərasimində iştirak etsin. Çünki, Hacı Mövsüm atasının yeganə bir oğludur. Əslində, hakimiyyət bu cür münasibət göstərməklə öz imicinə zərbələr vurmuş olur. Öz nüfuzuna xələl gətirir. Biz özümüz də AİP olaraq bu gün ölkə başçısına müraciət etmişik ki, M.Səmədovun atasının dəfnində iştirak etməsi üçün şərait yaradılsın. Bundan əlavə, vəkili vasitəsilə də QHT-lərə müracitə etmişik”.
 
“Mən şəxsən hakimiyyətin bu cür yanaşmasını onun qərəzi kimi dəyərləndirirəm”
 
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov  isə hesab edir ki, M.Səmədovun dəfndə iştirak etməsi üçün buraxılmaması tam qanunsuzluqdur. Onun sözlərinə görə, həbsxana işçilərindən tutmuş hakimiyyətin ən yuxarı insantsiyasına kimi hər bir kəs bilir ki, M.Səmədov qanunsuz olaraq həbs olunub və onun həbsi şər və böhtandan başqa bir şey deyil: “Onun həbsi şər və böhtandan ibarətdir, bu, siyasi xarakter daşıyır. Hakimiyyət insanlıq naminə bir humanistlik göstərməlidir. Onu dəfndə iştirak etməsi üçün azadlığa buraxmalıdır. Çünki, ölüm təbii bir hadisədir. Hər kəsin başına gələcək. Heç kim razı olmaz ki,  bir oğul öz  valideyninin dəfn mərasimində iştirak etməsin. Mən şəxsən hakimiyyətin bu cür yanaşmasını onun qərəzi kimi dəyərləndirirəm. Çünki, vaxtı ilə misal olaraq deyim ki, Hilal Məmmədov da valideynin dəfnində iştirak etməsi üçün buraxılıb. Amma bu gün şahidi oluruq ki, hakimiyyət özünü qınaq obyekti edəcək bir şəkildə göstərir”.
 
“İstənilən insan həbs olunursa, o, vətəndaşlıq hüququndan deyil, sadəcə azadlıqdan məhrum edilir”
 
 Azərbaycan Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmovun fikrincə, belə bir həssas məqamda hər bir məhbusun ictimai-siyasi görüşləri kənara qoyulmalı, onun  insanlıq hüquqları bərpa olunmalıdır: “Əqidəsindən, tutduğu yolundan, vəzifəsindən asılı olmayaraq, yaxınını itirən məhbuslarla humanist rəftar etmək lazımdır. Çünki, istənilən  məhbusun əziz adamını itirməsi və dəfnində iştirak etməməsi onun üçün bu, ikinci ən böyük mənəvi zərbədir. Hacı Mövsüm Səmədovun da atasının dəfnində iştirak etməsinə buraxılmaması ictimai qınaq kimi dəyərləndirilir. İstənilən insan həbs olunursa, o, vətəndaşlıq hüququndan deyil, sadəcə azadlıqdan məhrum edilir. Heç bir kəs insan hüququndan məhrum ola bilməz. Həm yaxın keçmişdən bizə məlumdur ki, elə siyasi məhbuslar olub ki, valideynlərinin dəfnində iştirak etməsi üçün buraxılıb. Yəni, insan məhbus olsa belə, sadəcə azadlıqdan məhrum edilir, daha vətəndaşlıq və insanlıq hüququndan deyil”.
 
“Bundan əvvəl də Qənimət Zahidin, Rauf Mirqədirovun və s əzizləri vəfat edəndə dəfndə iştirak etmələri üçün buraxılmışdılar”
 
Yazar-jurnalist Kənan Rövşənoğlu isə hesab edir ki, Mövsüm Səmədovun atasının dəfnində iştirak etməsi üçün buraxılması daha yaxşı olardı: “Bundan əvvəl də Qənimət Zahidin, Rauf Mirqədirovun və s əzizləri vəfat edəndə dəfndə iştirak etmələri üçün buraxılmışdılar. Fikrimcə, bu ənənəni davam etdirsələr yaxşı olardı. Bu ənənənin Hacı Mövsümə də şamil olunması müsbət irəliləyiş kimi nəzərə çarpardı”
 
Qeyd edək ki, M.Səmədovun vəkili Anar Qasımlı dünən səhər saatlarında məsələ ilə bağlı müvafiq orqanlara müraciət edib. Onun sözlərinə görə, hüquqi cəhətdən  müraciətə dərhal baxılıb cavab verilməliydi: “Amma müraciətin hələ də cavabsız qalması hakimiyyətin M.Səmədovu buraxmamasının göstəricisidir. Çünki, onların bu müraciətə cavabı elə M.Səmədovun buraxılması idi. Hüquqi cəhətdən də qanun buna imkan verir”.

Google+ WhatsApp ok.ru