İlyas İsmayılov: “Siyasi məhbuslar azad edilməlidir”

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilib. Tədbirdə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Azərbaycandakı siyasi məhbusların azad edilməsi barədə fikir səsləndirib.
Maide.az-ın məlumatına görə, İ.İsmayılov Avropa və Amerikada olduğu kimi Azərbaycanda da insan haqları sahəsində problemlərin olduğunu söyləyib: “Biz problemi inkar etmək yolu ilə deyil, etiraf və həll etmək yolu ilə getməliyik. Amerika-Azərbaycan münasibətlərində də gərginlik yaratmağa ehtiyac yoxdur. Bu rəhbərlik üçün də arzu olunan deyil. Düşünürəm ki, elmdə kompromis olmamalıdır, siyasət isə kompromissiz keçinə bilməz. ABŞ və Qərblə, habelə müvafiq beynəlxalq təşkilatlarla münasibətlərdə gərginliyi azaltmaq üçün siyasi məhbuslar azad edilməlidir. Hər hansı bir şəxs cinayət etməkdə şübhəlidirsə onun haqqında cinayət işi qaldırılmalı, istintaq aparılmalı, həbslə əlaqədar olmayan qəti imkan tədbiri seçərək işi məhkəməyə göndərmək lazımdır. Əgər şəxsin məhkəmədə təqsiri sübut olunarsa, onda məhkəmə ittiham hökmü çıxarar, əsas olarsa onu azadlıqdan məhrum edər. İstintaq prosesində şübhəli şəxslər barəsində, xüsusilə də qadınlar barəsində həbs qəti imkan tədbirinin seçilməsini mən də məqsədə uyğun və ümumiyyətlə, düzgün saymıram.”

Google+ WhatsApp ok.ru