Hakimiyyətin “jurnalistlər üzərinə amansız hücumları” pislənir

Human Rights Watch bildirir ki, Şirin Abbasovla görüşə icazə verilməməsi onun salamatlığı barədə ciddi narahatlıq doğurur

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı sentybarın 16-da Bakıda həbs olunmuş jurnalist Şirin Abbasov barədə ciddi narahatlıq ifadə edən bəyanatla çıxış edib.
 
Bəyanatda deyilir ki, artıq bir neçə gündür,  həbsdə saxlanan jurnalistə nə vəkili ilə görüşmək imkanı verilir, nə də o, məhkəmə qarşısına gətirilir.
 
Human Rights Watch təşkilatı, müntəzəm olaraq Meydan TV internet portalı üçün materiallar hazırlayan Şirin Abbasovun dərhal azadlığa buraxılmasını, onun azadlıq və təhlükəsizlik hüquqlarını pozanların məsuliyyətə cəlb olunmalarını tələb edir.
 
İnsan haqları təşkilatı bildirir ki, Şirin Abbasovun bu sayaq həbsdə saxlanması onun salamatlığı barədə ciddi narahatlıq doğurur.
 
“Şirin Abbasovun saxlanması hiddət doğurur və onunla pis rəftar edilə biləcəyi barədə nigarançılıq yaradır – deyib Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Jane Buchanan, - Bu Azərbaycan hökumətinin müstəqil medianı susdurmaq üçün apardığı kampaniyanın eskalasiyası deməkdir”.
 
Bəyanatda deyilir ki, bu həbsdə əli olan rəsmilər səlahiyyətlərindən sui-istifadəyə, qanunsuz hərəkətə və potensial olaraq cinayət əməlinə görə məsuliyyətə cəlb edilməlidirlər.
 
Human Rights Watch bildirir ki, onda olan məlumata görə Abbasov hazırda “Bandotdel” kimi tanınan Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanır və Azərbaycan qanunlarına görə şəxs heç bir ittiham irəli sürülmədən polis məntəqəsində 72 saatdan çox saxlana bilməz.
 
Bəyanatda qeyd olunur ki, vəkilinin dəfələrlə müraciətinə baxmayaraq rəsmilər onun yanına heç kimi buraxmırlar. O sentyabrın 17-də yalnız anası ilə qısa müddətdə görüşə bilib.
 
Meydan TV-nin əməkdaşı təşkilata bildirib ki, 19 yaşlı Abbasov sentyabrın 16-da universitetdən evə gedərkən həbs olunub və onun həbsi barədə ailəsinə gecə yarısından keçənədək məlumat verilməyib.

 

Google+ WhatsApp ok.ru