`Hökumətin siyahısında dəyişikliklər mütləq olacaq” - YAP-ın siyahısına müxalif baxış

Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hələ də açıqlanmayıb. YAP icra katibinin müavini Siyavuş Novruzov siyahının ötən həftə açıqlanacağını bildirsə də, siyahının açıqlanması təxirə salındı. 
 
Səbəb kimi isə yekun siyahının hazırlanması və təsdiqlənməsi ilə əlaqədar partiyanın ali orqanının, İdarə Heyətinin toplantısının keçirilməməsi göstərilmişdi. 
 
Hakim partiyanın yeni siyahısını açıqlamaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İddialardan biri YAP-ın müxalifət partiyalarının tam olaraq namizədlərini açıqlamasını gözləməsidir. Başqa bir iddia isə budur ki, hakim partiya ölkənin siyasi həyatının qaynarlaşmasından ehtiyat edir. Buna görə də siyahının açıqlanmasını maksimum uzadır. YAP-ın maliyyə məsələləri ilə bağlı ölkə üzrə səlahiyyətli nümayəndəsi təyin olunan Siyavuş Novruzov son olaraq, siyahının tam olaraq hazır olduğunu və yaxın günlərdə açıqlanacağını əminliklə bildirib. 
 
Maide.az musavat.com-a istinadən xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə siyahının Prezident Administrasiyası tərəfindən gecikdirildiyini deyir. O, YAP-da rəhbər şəxslərin parlament seçkilərində təmsil olunacaq namizədlərin siyahısını hazırladığını və onların istəyi ilə bu siyahının nə zaman açıqlanacağının müəyyən edildiyini bildirdi: “Siyahını həmin şəxslər hazırlayır. Prezidenti nəzərdə tutmuram, amma Prezident Administrasiyasında siyahını hazırlayan şəxslər var və onlar müəyyənləşdirirlər ki, siyahıda kimlər olsun. Siyahının niyə gecikdirilməsi sualına da ən dəqiq cavabı onlar verə bilər”. 
 
YAP-ın yeni siyahısında dəyişikliklərin olacağını deyən Mehman Əliyev səbəb olaraq bildirdi ki, son zamanlar ölkədə baş verən situasiya bunu tələb edir: “Yeni siyahıda, təbii ki, fərq olmalıdır. Çünki Azərbaycanda yeni situasiya var. Azərbaycanda artıq neft erası bitib. Ölkədə yeni qeyri-neft erası başlayıb. Bunun üçün də hakimiyyətin tamamilə başqa yanaşması, başqa idarəetməsi olmalıdır. Buna görə də parlament seçkilərində hökumətin siyahısında dəyişikliklər mütləq olacaq”.

Google+ WhatsApp ok.ru