Hökumət büdcəyə pul toplaya bilməyəcək

Neftin qiymətinin düşməsi ölkədə həyatı dayandırıb

Ölkədəki iqtisadi durum hər ötən ay daha pisləşir. Ağır vergi siyasəti sahibkarların müflis olması, iri ticarət obyektlərinin bağlanması ilə nəticələnir. Milli valyutanın saxlanması üçün xərclənən dövlət resursları Mərkəzi Bankın rezervlərinin əriməsinə səbəb olur. Əslində hər ay ixracın səviyyəsi ilə bağlı elan olunan statistika bir daha hökumətin iqtisadi siyasətinin yalana əsaslandığını göstərir.
 
İxrac yönümlü iqtisadiyyatın yaradılacağı ilə bağlı verilən vəd də puç oldu. Fevralın 21-də Mərkəzi Bankın manatı 34 faiz dəyərsizləşdirməsi onunla əsaslandırılırdı ki, bu addım ölkə iqtisadiyyatını ixraca yönümlü etmək məqsədilə atılıb. Amma fevraldan ötən müddət ərzində hər ay ölkənin ixracında ciddi eniş yaşanır.
 
Avqust ayı üçün olan statistik rəqəmlər göstərir ki, Azərbaycanda ən aşağı ixrac göstəricisi bu ayda qeydə alınıb – 741 milyon dollar.
 
Bu il ən yüksək ixrac göstricisi yanvarda qeydə alınıb – $1 mlrd. 278 mln.
 
Yanvar-avqust aylarında Azərbaycandan əmtəə ixracının həcmi $8 mlrd. 184 mln. təşkil edib. 2014-cü ilin həmin dövründə ixracdan valyuta daxilolmaları iki dəfə çox – $15 mlrd. 351 mln. təşkil edib.
 
Bundan başqa dövriyyədə olan manatın 5 milyard azaldılması da iqtisadiyyatın həcminin kiçildiyini sübut edir.
 
Bütün bunları nəzərə alaraq gözlənildiyi kimi 2016-cı ilin büdcəsində həm gəlirlər, həm də xərclər cari illə müqayisədə azalıb.
 
Gələn ilin büdcəsinin gəlirləri 14,56 milyard manat və ya cari ildəkindən 25,1% az olacaq. Xərclər isə 2015-ci illə müqayisədə 22,9% azalaraq 16,26 milyard manat olacaq.
 
Neft Fondundan ÿtransferlər isə daha çox, 42,2% azalacaq və cəmi 6 milyard manat təşkil edəcək.
 
Büdcənin daralması isə neftin qiymətiylə bağlıdır, gələn il neftin 1 barreli 50 dollardan hesablanacaq.
 
Amma büdcə gəlirlərinin proqnozlaşdırılmasında iqtisadiyyatın ciddi geriləməsi nəzərə alınmayıb. Büdcə gəlirləri demək olar ki, 2015-ci ilin büdcəsi ilə eyni tutulub. Bu isə gələn ilin büdcəsində ciddi problemlər yarada bilər.
 
Samir Əliyev: “Gələn ilin büdcəsinin icrası ilə bağlı narahatçılıq var”
 
Neft Fondundan büdcəyə gələn il transfertin 6 milyard nəzərdə tutulduğunu deyən iqtisadçı Samir Əliyev "Azadlıq"a bildirib ki, istənilən halda Neft Fondundan transfertlər büdcənin əsasını təşkil edib. Nəticədə büdcə hər il şişirdilmiş formada olub: “Proseslər onu göstərir ki, Neft Fondu 2015-ci ildə büdcə qarşısında öhdəliyini yerinə yetirə bilməyəcək. Ona görə 2016-cı il büdcəsində Neft Fondundan transfert dörd milyarddan çox azaldılıb”.
 
Ölkənin ixracının azalmasının neftin qiymətinin düşməsiylə bağlı olduğunu deyən S.Əliyev vurğuladı ki, Azərbaycanın ixracının 93 faizini neft və neft məhsulları təşkil edir. Bu düşmə neftin qiyməti bahalaşmayana qədər davam edəcək. Iqtisadçı hesab edir ki, bu boşluğu yalnız qeyri-neft sektoru kompensasiya edə bilər. Qeyri-neft sektorunda isə hər hansı irəliləyiş yoxdur: “Qeyri-neft sektorunu təmsil edən meyvə-tərəvəz ixracında da enmə müşahidə olunur. Bizim meyvə ixracında əsas bazarımız Rusiyanın Azərbaycandan mal idxal etməsi azalıb. Hər bir halda gələn ilin büdcəsinin icrası ilə bağlı narahatçılıq var. Bu narahatçılıq bu ildə mövcuddur. Ölkədə hər şey neftə bağlı olduğundan neftin qiymətinin aşağı düşməsi ölkədə həyatı dayandırıb. Əgər ölkədə biznes, iqtisadi aktivlik, ev alqı-satqısı yoxdursa, deməli dəyər yaranmır. Dəyər yaranmadığı üçün də ondan vergi tutulmur. Bu isə dövlətin gəlirlərini azaldır”.

Google+ WhatsApp ok.ru