Efir məkanı getdikcə boşalır

Arif Əliyev: `Əyləncəli, şou xarakterli verilişlər dərrakə və ağıl üçün heç nə vermir`

Bir müddətdir ki, ölkənin televiziya kanallarında bir sıra verilişlərin yayımına son qoyulub. Doğrudur, az qala bir-birini təkrar edən şou verilişlərin bağlanması cəmiyyətdə  birmənalı qarşılanmır.
 
Fəqət cəmiyyətin daha çox intellektual, maarifçi, sosial-iqtisadi problemlərin araşdırılmasına və həllinə yönəlik verilişlərə daha çox ehtiyacı olduğunu desək səhv etmərik. Çünki efir məkanında  sosial problemlərə obyektiv baxışı ehtiva edən, korrupsiya faktlarını ictimailəşdirən, insan haqlarının pozulması, dinin təbliğatı, siyasi debatlarla bağlı verilişlər demək olar ki, yoxdur. Cüzi istisnalardan savayı, bu səpkili verilişlərə cəmiyyətin daha çox tələbatı var. Lakin efiri zəbt edən şou xarakterli, mətbəx səviyyəli proqramların çoxluğu əhalinin marağına xidmət edən verilişlərin yayımlanmasına imkan vermir. Bu gün efirdə böyük bir boşluq görünür və sözügedən şoular da həmin boşluğu doldurmaq gücündə və iqtidarında deyil.
 
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev söyləyir ki, bu gün ictimai-siyasi xarakterli verilişlərin, tok-şouların hazırlanmasında və efirə verilməsində bir məhdudiyyət var. Arif bəy bu məhdudiyyətin müəyyən bir ideoloji istiqamət və özünüsenzura ilə müşahidə edildiyini bildirir:
 
“Ictimai xarakterli tok-şoular bu gün əhalinin fəal təbəqəsinin diqqətini daha çox cəlb edir. Yarı əyləncəli, yarı şou verilişlər özünə daha çox tamaşaçı toplasa da,  onlar dərrakə və ağıl üçün ciddi bir şey vermir. Ictimai-siyasi verilişlərin hazırlanmasına hələ ki ümid yoxdur. Sayı-hesabı olmayan əyləncəli tok-şoularda isə əsas məsələ jurnalist professonallığı problemidir. Türkiyə və qonşu ölkələrin timsalında professonal verilişlər olsa da, bizdə belə bir təcrübə hələ də yoxdur. Mövzu seçimi genişlənməli, verilişlər professional şəkildə hazırlanmalıdır”.
 
A.Əliyev qeyd edir ki, elə verilişlər var ki, başqa ölkələrin telekanallarından götürülüb və az komanda ilə onun üzərində işlənilir. Həmçinin məkanın və auditoriyanın düzgün seçilməməsi də məsələnin məhdud təqdimatına səbəb olur. Yəni   veriliş hansısa bir mənbədən qaynaqlana bilər, lakin onun təqdimatındakı qüsurlar, qeyri-peşəkarlıq və düzgün seçilməyən auditoriya problemlərin düzgün həllinə imkan vermir.

Google+ WhatsApp ok.ru