Jurnalistin prokurorluğa qarşı iddiası təmin edilmədi

Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə “Turan” agentliyinin və “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlunun Yasamal Rayon Prokurorluğunun qərarından şikayətinə baxılıb. Bu barədə Tapdıq Fərhadoğlunun özü məlumat verib. 
 
Onun sözlərinə görə, bu il fevralın 20-də Bakı Dövlət Universiteti tələbələrinin aksiyasında peşə fəaliyyətini yerinə yetirən zaman döyhülüb. "BDU-nun  mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tərəfindən fiziki təzyiqə məruz qalmağımla əlaqədar  səhhətim pisləşib və aprelin 10-da onurğadan əməliyyat olunmuşam. Zor faktı ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət etsəm də, cinayət işinə başlamaqdan imtina edilib.Yasamal Rayon Prokurorluğunun müstəntiqi Mübariz Əsədovun bu qərarının qanunsuz sayılması ilə bağlı məhkəməyə müraciət edərək, hadisəni əks etdirən videogörüntülər təqdim etmişdik. Həmin görüntülərə baxdıqdan sonra hakim zor tətbiq etmə əməlinin və Cinayət Məcəlləsinin 163-cü (jurnalistin qanuni fəaliyyətinə mane olma) maddəsində göstərilən zor hərəkətlərinin olduğunu və fiziki xəsarət yetirildiyini bildirmişdi. Lakin bu gün keçirilən prosesdə hakim nədənsə fikrini dəyişdi və bildirdi ki, şikayətdə şahidlərin siyahısı göstərilməyib. Halbuki həmin hadisə zamanı mənimlə birgə olan jurnalistlər Rasim Əliyev və Etimad Budaqovun adlarını təqdim etsək də, məhkəmə onları dindirməyib" - deyən T.Fərhadoğlu bildirdi ki, məhkəmə şikayəti rədd edib və Yasamal Rayon Prokurorluğunun rədd qərarını qüvvədə saxlayıb. O əlavə etdi ki, məhkəmənin bu qərarından apellyasiya şikayəti verəcəklər.  

Google+ WhatsApp ok.ru