Nemət Pənahlı ailəsi ilə dəmir arakəsmələr arxasından görüşüb

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib. Məhbusun həyat yoldaşı Həcər Pənahlı “Media forum” saytına açıqlamasında deyib ki, görüş dekabrın 7-də olub: “Uşaqları da özümlə aparmışdım. Neməti heç yaxşı görmədim. Əlləri o qədər şişib ki, heç nə tuta bilmir...
 
Əvvəllər açıq görüş verirdilər. İndi Neməti dəmir arakəsmələrin arxasından buraxmadılar. Bilsəydim uşaqları görüşə aparmazdım. Bu vəziyyət onlara pis təsir edir. Uşaqların ürəyi o qədər qırılıb ki...
 
Gedəndə Nemətə kitablar aparmışdım. Seyid Yəhya Bakuvinin “Səfa əl Əsrar” kitabı da vardı. Kitabı həbsxanaya buraxmadılar. İzahat belə oldu ki, dini kitabdır”.
 
6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.

Google+ WhatsApp ok.ru