İki vəkilin fəaliyyəti bir illik dayandırılıb

İki vəkilin fəaliyyəti bir illik dayandırılıb

-- qərar aprelin 23-də verilib

"Nemət Kərimlinin və mənim vəkillik fəaliyyətimə xitam verilməsilə bağlı şikayət Baş Prokuroluqdan Vəkillər Kollegiyasına keçən ilin oktyabrında daxil olub və qərar da bu şikayət əsasında bu il aprelin 23-də verilib". Bunu baş prokurorun birinci müavini Rüstəm Usibovun şikayəti əsasında vəkillik fəaliyyətinə xitam verilən vəkil Əsabəli Mustafayev bildirib.
 
Ə.Mustafayev deyib ki, həm özünün, həm də N.Kərimlinin adları R.Usubovun şikayətində əksini tapır. "Hətta, ikimiz də cinayət işlərini "siyasiləşdirməkdə" təqsirli bilinirik. Fərq bundadır ki, N.Kərimli jurnalist Əfqan Muxtarlının, mən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Byaramlının cinayət işini "siyasiləşdirməkdə" günahkar sayılırıq.
 
Bundan da irəli gələrək hər ikimizin vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb".
 
Vəkil N.Kərimli də açıqlamasında Ə.Mustafayevin dediklərini təsdiqləyib və vəkillik fəaliyyətlərinin bir il müddətinə dayandırılmasına səbəb kimi prokurorluğun şikayətini göstərib.
 
Ə.Mustafayev qərarla bağlı məhkəmə perspektivi haqda da danışıb və deyib ki, qərarı hələ almayıblar, alan kimi bu qərarı məhkəmədə mübahisələndirəcəklər və qanunvericilik də buna imkan verir.
 
Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu ilin yanvarında Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətini də dayandırmışdı. O, baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırılmışdı.
 
Bir qədər əvvəl, ötən il noyabrın 20-də isə Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
 
İndiyədək sadalananlardan başqa, Xalid Bağırov, Əlayif Həsənov və daha bir neçə vəkil Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi məhbus" kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah ediblər.
 
Ancaq Kollegiya bu deyilənlərlə razılaşmır.(contact.az)

Google+ WhatsApp ok.ru