Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq'

Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq'

“Avropa Birliyi başda olmaqla digər beynəlxalq qurumlar Azərbaycanda həbsdə olan siyasi məhbusları daha ardıcıl və prinsipial şəkildə müdafiə etməlidir”.
Bunu Siyasi Məhbusların Müdafiə Mərkəzinin fevralın 10-da keçirilən toplantısına internet üzərindən qatılan hazırda mühacirətdə olan hüquq müdafiəçisi Leyla Yunus deyib.
 
O, Avropa qurumlarında siyasi məhbus sayılan şəxslərin müdafiəsi ilə bağlı apardığı danışıqlar haqda bilgi verib.
 
Toplantıda əsas müzakirə mövzusu “Nardaran işi” və bu qəbildən olan digər məhkəmə çəkişmələri olub.
 
“Nardaran işi” ilə bağlı hazırda davam edən məhkəmə prosesi geniş müzakirə olunub. Qərara alınıb ki, Nardaran olayları ilə bağlı hesabat hazırlansın. Sənəd yaxın günlərdə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunsun.
 
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.
Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
 
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
 
Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırova 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il, digərlərinə 10 ildən 20 ilədək həbs cəzası verilib.
Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.
 
Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.(azadliq.org) 

Google+ WhatsApp ok.ru