Leyla Yunusa qarşı təcridxanada təzyiqlərin olduğu bildirilir

Hüquq müdafiəçisinin kamerasına daha bir cinayətkar salıblar; Təcridxana rəhbərliyinə edilən şikayətlər nəticəsiz qalır

Fariz Namazlı: “Nuriyyə Hüseynova adlı məhbus tərəfindən edilən təzyiqlər mütəmadi olaraq, davam edir”

 
Sülh və Demokratiya İnstitutunun hazırda həbsdə olan direktoru, vicdan məhbusu Leyla Yunusun təcridxanada üzləşdiyi təzyiqlərlə bağlı xəbər vermişdik. Hüquq müdafiəçisinə qarşı olan təzyiqlər günbəgün artmaqdadır. Artıq onun saxlandığı kameraya daha bir cinayətkar məhbus salıblar. 
 
Havasızlıqdan əziyyət çəkən Leyla Yunusun kamerasına salınan məhbusun siqaret çəkməsi çətin olan vəziyyəti daha da ağırlaşdırır. Səhhəti ilə bağlı onun həyatına yaranan təhlükələr getdikcə artmağa başlayıb. Hüquq müdafiəçisinə hücum edərək, onu təhqir edən kamera yoldaşı Nuriyyə Hüseynovanın da təzyiqləri səngimək bilmir. Təcridxana rəhbərliyinə olunan şikayət isə nəticəsiz qalır. 
 
Sentyabrın 16-da təcridxanada Leyla Yunusla görüşən onun vəkili Fariz Namazlı musavat.com-a açıqlamasında bunları deyib: “Dünən Leyla xanımla görüşdüm. Onun saxlandığı kameraya daha bir məhbus salıblar. Açığı onun əvvəllər məhkum olunması barədə bizdə dəqiq məlumat yoxdur. Sadəcə məhbus siqaret çəkəndir. Onun tərəfindən Leyla xanıma təzyiq olmur. Amma Nuriyyə Hüseynova adlı məhbus tərəfindən edilən təzyiqlər mütəmadi olaraq davam edir. Sadəcə kameraya yeni gələn məhbusun siqaret çəkməsi Leyla xanımın səhhətinin daha da pisləşməsinə səbəb olub”.
 
Vəkil Leyla Yunusa olan təzyiqlərlə bağlı etdikləri şikayətə cavab verilmədiyini də qeyd etdi: “Təəssüflər olsun ki, Leyla xanıma olan hücumlarla bağlı etdiyimiz şikayətə hələ də cavab verilməyib. Dünənki görüşümüz zamanı şikayətləndiyi yeganə məsələ cinayətkar məhbusun kameraya salınmasıdır. Bu qanunla qadağandır. Kamera şərait baxımından bərbaddır. Mənəvi və psixoloji təzyiqlər davam edir. Leyla xanım görüşümüz zamanı o, bir daha həbsinin qanunsuz, hüquq müdafiəçisi olaraq fəaliyyəti ilə əlaqədar olduğunu bildirdi. İstintaqı ilə bağlı bir irəliləyiş yoxdur. Demək olar ki, istintaq aparılmır”.
 
Fariz Namazlı təcridxanada olduğu zaman digər məhbuslar İntiqam Əliyev, Rəsul Cəfərov və Məmməd Əzizovla da görüşdüyünü söylədi: “Rəsul Cəfərovun heç nədən şikayəti yoxdur. Bazar ertəsi qardaşı ilə görüşüb. Görüş otaqları olmasına baxmayaraq, onlara şüşə arxasında görüş veriblər. Bu, qanunla qadağandır. Bu isə onların narazılığına səbəb olub. İntiqam Əliyevlə bağlı olan əsas problem yazışmalarına olunan müdaxilədir. Onun müdafiəsi ilə bağlı bizlərə yazdığı yazılar əlindən alınır. Rəhbərlik baxandan sonra bizə həmin yazı verilmir. Bununla bağlı etirazımızı bildirmişik. Amma məhəl qoyan yoxdur”.
 
Leyla Yunusa lazım olan ləvazimatların təcridxanaya aparılmasına icazəsi olan psixoloq Azad İsazadə problemlər yaşamadıqlarını bildirdi: “Həftədə bir dəfə Leyla xanıma lazım olan ləvazimatları aparmaq hüququ mənə və Samirə Ağayevaya verilib. Hər şənbə günü dostları və uzaq qohumları ilə birlikdə sovqat hazırlayaraq, təcridxanaya aparıram. İndiyə qədər heç bir problem yaranmayıb. Təbii ki, hər şey icazə daxilində olur. Əvvəllər dərman problemləri var idi. Amma indi elə bir şey yoxdur”. 

Google+ WhatsApp ok.ru