Ömürlük həbs cəzasına məhkum edilmiş dustaqlar çağırış etdilər

Qobustan Qapalı həbsxanasında ömürlük həbsə məhkum edilmiş 76 məhbus dövlət başçısı İlham Əliyevə, Milli Məclisə, İnsan haqları üzrə Müvəkkilə (Ombudsman) və “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansa müraciət edib. Maide.az-ın məlumatına görə, müraciətdə deyilir: 
 
“Hörmətli cənablar, Sizlərə müraciət edən bizlər Qobustan Qapalı həbsxanasında ömürlük cəza çəkən dustaqlarıq. Azərbaycan Respublikasında  ölüm cəzasının  ləğvi ilə əlaqədar AR Milli Məclisinin  qəbul etdiyi 10 fevral 1998-ci il tarixli Qanunun 4-cü bəndi ilə  həmin ərəfədə qüvvədə olan  ölüm cəzasına məhkum olunmuş  128 nəfərin cəzası qeyri-məhkəmə qaydasında  ömürlük həbs cəzası  ilə əvəzlənib. (Bənd 4. Bu Qanunun qüvvəyə  mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin  cəzası ömürlük  azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin). 
 
Azərbaycan Respublikasında  vaxtilə istisna cəza növü kimi  sayılan “ölüm cəzası”  ləğv edilərkən “Cinayət Qanununun zamana görə  qüvvəsi” hüququ prinsipinə əsasən yeni Qanunun qüvvəyə mindiyi  ana qədər qüvvədə olmuş  AR CM-nin 23-cü maddəsinə müvafiq  olaraq bizim hər birimizin işinə  fərdi qaydada məhkəmədə baxılaraq 15 (on beş ) ilə qədər azadlıqdan  məhrumetmə cəzası və ya  Prezidentin əfv fərmanı  qaydasında 15 ildən 20 ilə qədər  azadlıqdan məhrumetmə  cəzası tətbiq edilməli idi.
 
Qanunverici orqan olan AR Milli Məclis  məhkəmə səlahiyyətlərini mənimsəyərək, bizi kütləvi şəkildə,  məhkəməsiz  ömürlük həbs cəzasına məhkum etmişdir ki,  bu da  AR  Qanunvericiliyinə, eyni zamanda tərəfdarı olduğumuz  Beynəlxalq Hüquq normalarına və Avropa Konvensiyasına ziddir.
 
Bu Qanun pozuntusu ilə əlaqədar  AŞPA – nın da qəbul etdiyi  16 aprel 2007-ci il  tarixli 1545 №-li Qətnamənin  8.9-cu bəndində qeyd olunur ki,  “ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən  baxılmalı və “Qanunun geriyə qüvvəsi prinsipinin” ən əlverişli müddəalarına  müvafiq cəza tətbiq edilməlidir”.
 
Bu Qanun pozuntusu ilə əlaqədar dəfələrlə kütləvi şəkildə  Möhtərəm Prezident Sizə, Milli Məclisin  Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri cənab Əli Hüseynova, AR İnsan Hüquqları üzrə müvəkkil- Ombudsman, xanım Elmira Süleymanovaya, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, xanım Rəbiyyət Aslanovaya və AR Beynəlxalq Münasibətlər  və Parlamentlərarası Əlaqələr Komitəsinin  sədri  Səməd Seyidova müraciət etdik,  son hədd  olaraq yeganə çıxış  yolumuz olan dəfələrlə dinc aclıq aksiyaları keçirsək də,  adı çəkilən qurumlardan heç bir cavab ala bilməmişik.
 
Möhtərəm Prezident,  hazırda 128 məhbusdan 73 məhbus sağ qalıb. Onlar arasında yaşı 70, hətta 80-i ötmüş, görmə qabiliyyətini tam itirmiş, 19- 20-25 ilədək  cəza çəkən məhbuslar var.
 
Milli Məclisin  yol verdiyi  Qanun pozuntusu nəticəsində 128 nəfərdən  40 nəfəri müxtəlif səbəblərdən dünyasını dəyib, 11 nəfər əfv olunub (Müzamil Abdullayev, Nəriman İmranov, Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Eldar Əliyev, Mahir Məmmədov, Etibar İsrafil oğlu İsmailov, Təbriz Ağabala oğlu İsmayılov, Elxan Allahverdiyev, İqor Krianovski ekstradisiyadan sonra azad olunub ).
 
Möhtərəm Prezident, hörmətli cənablar!  Bir daha Sizlərə müraciət etməyə məcburuq.   Qeyri-qanunu ömürlük cəzaya məhkum edilmiş  çoxsaylı məhbusların, on illərlə davam edən müraciətlərimizə, bizə qeyri-qanuni  tətbiq edilmiş ömürlük cəzaya münasibətinizi  bildirmənizi, saxlandığımız  ağır şəraitimizi nəzərə alaraq,  on illərlə həllini tapa bilməyən problemin  ədalətli həll edilməsinə kömək etməyinizi xahiş edirik.
 
Biz, aşağıda imzaları olan məhbuslar Sizin ədalətiniz və dəstəyiniz sayəsində illərlə həllini tapa bilməyən bu problemin ədalətli  həllini tapacağına ümid edirik.” 
 
(Müraciəti ömürlük həbs cəzasına məhkum edilmiş 76 məhkum 10 sentyabr 2014- cü il tarixdə adbaad imzalayıb)
 

Google+ WhatsApp ok.ru