Ölkənin böhrandan çıxış yolu nədir?

Qadir İbrahimli: «İri müəssisələr özəlləşdirilə və ya uzunmüddətli idarəetməyə verilə bilər»

Prezident Ilham Əliyev yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirib. Müşavirədə böhrandan çıxış yolları araşdırılıb. Ilham Əliyev beynəlxalq ekspertlərin iştirakıyla geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
 
Dövlət başçısı ölkənin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resurslarının Azərbaycan bazarına cəlb edilə biləcəyini də deyib. Dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib.
 
İqtisadçı-ekspert Qadir İbrahimli "Azadlıq" bildirib ki, ölkədə kiçik və orta müəssisələrin özəlləşdirildiyinin başa çatdırıldığını, bundan sonrakı mərhələdə yalnız iri müəssisələrin özəlləşdirilməyə gedə biləcəyini söyləyir. Ekspert SOCAR, “Azərişıq”, “Azəriqaz” kimi müəssisələrin özəlləşdirilməyə getməsinini və ya uzunmüddətli idarəetməyə verilməsini mümkün sayır:
 
“Iri müəssisələrin uzunmüddətli idarəetməyə verilməsi praktikası var. Hökumət vaxtilə ”Barmek” şirkətilə belə bir müqavilə bağlamışdı.  Şirkət ölkənin elektrik paylama şəbəkəsinə  300 milyon dollar investisiya qoymağı öhdəsinə götürmüşdü. Lakin bu müqavilə pozulandan sonra vəsaitin bütün yükü dövlətin üzərinə düşdü. Istiqrazlar məsələsinə gəlincə, məlumdur ki, ölkənin maliyyə bazarında vəziyyət ürəkaçan deyil. Xarici vəsaitlərin cəlb edilməsi, xarici borclanmaya gedilməsi və digər mənbə axtarışlarının olacağı hələ bəlli deyil. Ona görə də hökumətin bunu hansı formada həyata keçirəcəyi aydın deyil”.
 
Q.Ibrahimli ölkənin  xarici borc məsələsinə səylər göstəriləcəyini də istisna etmir. Ölkənin maliyyə göstəricilərinin xeyli dərəcədə zəiflədiyini deyən ekspert, məlum səylərin nəticə verəcəyinin çətin olduğunu söyləyir. Ən son həddə hökumətin bu yöndə maliyyə çevrələrindən müəyyən vəsaitlər cəlb edəcəyi mümkündür.

Google+ WhatsApp ok.ru