İcra başçısına cinayət işi açılmalıdır

Əyyub Kərimov: `Onun vəzifədən çıxarılması başqalarına da dərs ola bilər`

Son günlər mətbuat və sosial şəbəkələrdə müzakirə mövzusu olan  məsələlərdən biri də Cəbrayılın icra başçısı Mahmud Quliyevin vətəndaşı “köpəyoğlu” deyərək təhqir etməsidir.  Etdiyi hərəkətdə qəbahət görməyən icra başçısı Prezident Administrasiyasına çağırılması ilə bağlı yayılan xəbərləri yalan məlumat adlandırıb. Icra başçısı günahsızlığını belə ifadə edib: “Günahım olsaydı, dərimi boğazımdan çıxarardılar. Amma onu dəqiq bilirlər ki, səhvə yol verən insan deyiləm, daim prezidenti dəstəkləmişəm, ölkə başçısı üçün canımla-qanımla çalışan şəxsəm”.
 
Icra başçısının məlum hərəkətinə diqqət edərkən gənc fəallar və digər şəxslərin indiyədək üzləşdiyi məqamlar yada düşür. Onların ictimai yerlərdə adi bir söyüş söyməsinin hansı nəticəyə gətirdiyi hamıya məlumdur. Lakin icra başçısı vətəndaşa qarşı kobud davranışıyla vicdan əzabı çəkmədiyini sərgiləyir. Bu cür hərəkətə rəğmən, dövlət qulluqçusunun cəzasız qalması sanki onun toxunulmazlıq hüququnun olması anlamına gəlir.
 
Hüquqşünas Əyyub Kərimov "Azadlıq"a bildirib ki, sözügedən məsələdə cinayət məsuliyyətindən daha çox mənəvi məsuliyyət var. Əyyub bəy həmin davranışın olduğu kimi prezidentə çatdırılmalı olduğunu deyərək, belə məmurun vəzifəyə layiq olmadığını vurğulayır:
 
“Icra başçıları və məmurlar prezident komandasının üzvləridir. Prezident onları vəzifəyə təyin edib və bu adamlar ağızlarından çıxan hər kəlmənin prezidentin davranışı kimi qəbul olunduğunun fərqinə varmalıdırlar. Kobud davranışa görə belə məmur ən azından vəzifəsindən getməlidir. Dəhşətlisi odur ki, icra başçısı özündə, davranışında günah görmür. Ancaq belə davranış bu adamın vəzifədə oturmağına imkan vermir. Çünki belə hərəkəti o, onu vəzifəyə qoyan prezidentə də nümayiş etdirmiş olur. Prezident bu adamı dərhal vəzifəsindən götürməlidir. Xalqla belə davrananın aqibəti yaxşı olmamalıdır. Onun vəzifədən çıxarılması başqalarına da dərs ola bilər”.

Google+ WhatsApp ok.ru