`Ölkədə işçinin hüququnu müdafiə edəcək həmkarlar təşkilatları yoxdur`- Mirvari Qəhramanlı

Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycana da mənfi təsir göstərdi. İş yerləri bağlanır, işçilər ixtisar olunur. Ticarət obyektlərinin qarşısında isə "Bağlanır", "İcarəyə verilir" və "Satılır" kimi elanların sayı artır. Kütləvi işsizliyin yarandığı günlərdə dövlət bu sahədə hansı işləri görür? İşini itirən vətəndaşlara diqqət varmı?

Bu suallara cavab tapmaq bir o qədərdə çətin deyil. Çünki son günlər insanların üz tutduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qarşısında yaranmış saysız növbələr ölkədə işsizliyin və işsizlərin vəziyyətinin nə dərəcədə olduğunu göstəricisidir.

Bəs görəsən, işsizlərin hüquqlarını qoruyan hansısa bir qurum və yaxud təşkilat mövcuddurmu?

Sualımıza cavab tampaq Hüquq Müdafiəçisi Mirvari Qəhramanlı ilə həmsöhbət olduq. Suallarımızı cavablandıran xanım hüquqşunas Maide.Az-a bildirdi ki, ölkədə işçinin hüququnu müdafiə edəcək həmkarlar təşkilatları yoxdur.

" Həmkarlar təşkilatı hökumətin yanındadır, hökumət isə əməkçinin yanında deyil .Məhz buna görə də əksər xarici şirkətlərdə işçilər mövcud həmkarlar təşkilatının üzvü olmaq istəmirlər. İşçilər öz həmkarlar təşkilatlarını yarada bilmirlər. Buna müvafiq dövlət strukturları mane olurlar."

İşsizliyin qarşısını almaq üçün nə edilməlidir sualına gəldikdə, M. Qəhramanlı bunun üçün Dövlət Proqram hazırlanmalıdır,dedi:

İlk növbədə, xaricdən işçi qüvvəsinin gətirilməsinin qarşısının alınmalıdır. Yerli şirkətlərin tenderlərdə iştirakına ciddi nəzarət olunmalı və monopoliyanın aradan qaldırılması lazımdır. Məşğulluq haqqında qanuna əlavə və dəyişikliklər edilib, Avropa ölkələrinin qanununa uyğunlaşdırılmalıdır ki, işsiz insanların işlə təmin olunmasına, minimal yaşayışlarının təmin olunmasına yardım olunsun.

Qeyd edək ki, bu il aprel ayı üçün Dövlət Statistika Komitəsi məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlanıb. Onlarn sayı 32,3 min nəfər olub, işsizlərin 37,8%-ni isə qadınlar təşkil edir. Muzdla işləyənlərin sayı 1 milyon 494 min nəfərdir. Muzdla çalışanların 21 faizi məhsul istehsalı ilə məşğul olanlardır. Tikintidə, emal sənayesində 6, kənd təsərrüfatında 3, meşə təsərrüfatı, balıqçılıq və mədən çıxarma sənayesində 2% çalışır.

Müstəqil ekspertlər isə DSK bu məlumatına ciddi şübhə bəsləyirlər. Onlar deyirlər ki, son illərdə Azərbaycanda bir çox müəssisələr tamamilə, bir çoxları isə qismən fəaliyyətini dayandırıb. Ancaq neçə ildir, komitə rəsmi işsizlərin sayı ilə bağlı 30 min rəqəminin üzərində durur. Müstəqil iqtisadçılar hesab edirlər ki, Azərbaycanda işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan daha çətindir. / 

Google+ WhatsApp ok.ru