İlqar Məmmədovun həbsindən 3 il 7 ay ötür

İlqar Məmmədovun həbsindən 3 il 7 ay ötür

 
Fuad Ağayev: “Proses referendumdan sonraya qalacaq”
 
REAL hərəkatının sədri İlqar Məmmədovun həbsindən 3 il 7 ay ötür. 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL sədrinin Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi şikayətin baxılma müddəti uzadılır. Artıq instansiya qurumuna olunan müraciətin 3 ayı yaxınlaşır.
 
İ.Məmmədovun vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında məhkəmənin sentyabrın 26-dan sonraya qalma ehtimallarının yüksək olduğunu söylədi: “Nəzərə alaq ki, indiyə qədər hələ də məhkəmə baxışı təyin olunmayıb. Ehtimal var ki, proses referendumdan sonraya qalacaq. Qanunvericilik müəyyən edir ki, məruzəçi hakimin rəyi təqdim ediləndən iki ay ərzində məhkəmə iclası başlanmalıdır. Məruzəçi hakim xeyli vaxtdır təyin olunub. Hər halda, iki aydan çoxdur. Buna baxmayaraq, ortada heç bir şey yoxdur. İlqar bəylə ötən həftə sonuncu dəfə görüşmüşəm. Elə bir yenilik yoxdur. Hər şey əvvəlki qaydadadır”.
 
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ildə baş verən İsmayıllı hadisələrinə görə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətində azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs edilən və 5 il həbs cəzası alan Müsavat başqanının müavini Tofiq Yaqublu bu ilin martında azadlığa çıxsa da, REAL sədri hələ də məhbusdur. /

Google+ WhatsApp ok.ru