İlqar Məmmədovun vəkilləri şikayətçidir

İlqar Məmmədovun vəkilləri şikayətçidir

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun vəkilləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəhbərliyinə birgə müraciət hazırlayırlar.
 
Vəkillərinin deməsinə görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində İlqar Məmmədova baş çəkərkən qanunsuz yoxlamalara məruz qalırlar.
 
«Bu əsassız yoxlamalar hər dəfə təkrar edilir. Amma noyabrın 18-də Ali Məhkəmə qərar çıxaracağı gün xüsusilə təfərrüatlı yoxlama keçirildi»,-deyə vəkillərdən Şəhla Hümbətova bildirib.
 
Vəkilin deməsinə görə, pulqabı da daxil olmaqla, şəxsi əşyalar da yoxlanılır.
 
Ş.Hümbətova bu barədə Avropa Şurası Nazirlər Komitəsinə də yazıb.
 
Vəkilin bildirməsinə, Ali Məhkəmənin imtinasından sonra müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə İ.Məmmədovun ədalətli mühakimə araşdırılması ilə bağlı ikinci şikayəti göndərməyi nəzərdə tutur.
 
Vəkillərin şikayətinə, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
 
Noyabrın 18-də Ali Məhkəmə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxıb. Şikayət təmin edilməyib.
 
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. 7 il azadlıqdan məhrum edilib.
 
2015-ci ilin oktyabrında Ali Məhkəmə bu işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.
 
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
 
Ancaq bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmamışdı. Noyabrın 18-i isə Şəki Apellyasiya Məhkəməsinin həmin qərarından verilən kassasiya şikayəti də təmin edilməyib. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru