Nardaran sakininə 30 sutka verilib

Nardaran sakininə 30 sutka verilib

Nardaran sakini Fail Şahbazov noyabrın 23-də səhər saatlarında Sabunçu rayonu 42-ci polis bölməsinə aparılıb. Axşama qədər onun yaxınlarına saxlanmasının səbəbi barədə heç bir bilgi verilməyib. Yalnız axşam bildirilib ki, F.Şahbazov məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.
 
"CƏZALANDIRILIB"
Bu haqda AzadlıqRadiosuna "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərdən bir neçə nəfərin, o cümlədən ilahiyyatçı Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat verib. Vəkil deyir ki, F.Şahbazovun nəyə görə cəzalandırıldığı deyilməyib.
 
Müdafiəçi bu hadisənin "Nardaran işi" məhkəməsinə gələnlərə təzyiqlərin tərkib hissəsi olduğunu istisna etmir.
 
Ötən məhkəmə iclaslarının birində Taleh Bağırov bildirmişdi ki, məhkəməyə gələn qəsəbə sakinləri, hətta təqsirləndirilən şəxslərin yaxınları belə, polisə çağrılıb təhdid olunur.
 
Təqsirləndirilən İbrahim Xəlilovun dediyinə görə, qaynını polisə çağırıb, ondan bacısının öz həyat yoldaşının məhkəməyə getməməsini tələb ediblər.
 
"Fail Atabala oğlu Şahbazov da daim bu məhkəmə prosesinə gəlirdi. Bu baxımdan, istisna olunmur ki, o da məhkəməyə gələnlərə qarşı təzyiqlər kontekstində cəzalandırılıb. Adamı çağrıblar, o da könüllü şəkildə gedib. Ola bilsin ki, qərarda inzibati həbsin səbəbi olaraq polisə müqavimət, yaxud küçədə ünvansız söyüş söyməsi kimi halları göstərsinlər. Amma bu, səbəb deyil, sadəcə, qanunsuz həbsi rəsmiləşdirmək üçün bəhanə ola bilər", - vəkil bildirib. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru