Məhbus jurnalist Eldar Mahmudova müraciət etdi

Pərviz Həşimli milli təhlükəsizlik nazirindən şəxsi əşyalarının qaytarılmasını xahiş etdi

Həbsdə olan tanınmış hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. 
 
Məhbus jurnalistin ailəsindən Moderator.az-a verilən məlumata görə, Pərviz Həşimli nazirə müraciətində bir müddət öncə baş prokuror Zakir Qaralovun mətbuata məlum açıqlamasını xatırladıb:
 
“Hörmətli baş prokuror bir müddət öncə həbsdə olan hüquqşünas İntiqam Əliyevin ona elan olunmuş ittihamlara dəxli olmayan şəxsi əşyalarının, sənədlərinin ailəsinə qaytarılması üçün istintaqa göstəriş verdiyini bildirdi. Mən də fürsətdən istifadə edib həbsimdən sonra MTN əməliyyatçıları tərəfindən evimizdən götürülmüş rəhbəri olduğum Mülki və Siyasi Hüquqların Müdafiəsi İctimai Birliyin qeydiyyata alınmamasıyla bağlı Avropa Məhkəməsinə müraciətimin surətini, insan hüquqlarının qorunmasıyla bağlı araşdırmalarıma görə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilmiş diplom və mükafatlarımı, 2005-ci ildə ABŞ Senatının üzvü qismində Azərbaycana səfər etmiş prezident Barak Obama, Azərbaycandakı Amerika səfirləri, eləcə də Türkiyənin keçmiş prezidenti Abdulla Güllə çəkdirdiyim şəkillərimin, evimin təhlükəsizlik kamerasının yaddaş kartının geri qaytarılıb ailəmə təhvil verilməsini cənab nazir Eldar Mahmudovdan xahiş edirəm. Ümid edirəm ki, xahişimə biganə yanaşılmayacaq və qeyd etdiyim şəxsi əşyalarım geri qaytarılacaq. Əvvəlcədən təşəkkürümü bildirirəm”.

Google+ WhatsApp ok.ru