AİP lideri hələ də karsda saxlanılır -FOTO

Vəkil vəsatət qaldırdı; dindarlar `Vicdan məhbuslarına azadlıq` şüarı səsləndirərək etiraz etdilər

AİP-in mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, 17 noyabr saat 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məhkəmə prosesi keçirilib. Qısa məhkəmə prosesindəndən sonra məhkəmə noyabrın 24-ü, saat 11.20-yə təxirə salınıb.
 
Məlumatda bildirilir ki, Mövsüm Səmədovun işi üzrə keçirilən apelyasiya məhkəməsində Mirzəli Abbasovun hakimliyi ilə hazırlıq iclası işini başa çatdırıb.
 
Vəkil Anar Qasımlı vəsatət qaldıraraq, Mövsüm Səmədovun məhkəmə baxışı dövründə ümumi təcridxanada deyil, 12 saylı cəzaçəkmə müəssisəsində “karsda” saxlanmasını qeyri-qanuni hesab etdiyini deyib və məhkəmədən bu məsələnin tezliklə həll olunmasını tələb edib.
 
O, məhkəmə heyətinin diqqətinə çatdırıb ki, ona vəkili ilə görüş verilmir. Buna səbəb kimi isə karsda olduğu üçün görüş verilməməsi göstərilib. Öz növbəsində hakim M. Abbasov bu məsələni müzakirə edəcəklərini bildirib.
 
Verilən məlumata görə, növbəti məhkəmə prosesi 24 noyabr saat 11:20-da keçiriləcək.
 
Mövsüm Səmədov məhkəmədə iştirak edən yaxınlarına və əqidə dostlarına səhhətinin, ruhiyyəsinin yaxşı olduğunu deyib, bütün qardaşlara salamlarını çatdırmağı tapşırıb. 
 
Məhkəmə binası qarşısında dindarlar əllərində "Vicdan məhbuslarına azadlıq", "Mövsüm Səmədova azadlıq" sözləri yazılmış plakatlar tutaraq etiraz şüarları səsləndiriblər.
 
Qeyd edək ki, oktyabrın 9-da AİP-in lideri Mövsüm Səmədovun Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesi keçirilib. Hakimin qərarı ilə AİP liderinin 2 il müddətinə Qobustanda qalması qərarı verilib.
 
Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov12 il azadlıqdan məhrum edilib.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru