Məhbuslardan xəbər var

İlkin Rüstəmzadəyə qarşı yeni ittiham irəli sürülə bilər; bu həftə bəzi siyasi məhbusların məhkəmələri davam edəcək

Siyasi motivlərə görə, həbs edilmiş məhbusların məhkəmələri davam edir. İstintaq dövrünü yaşayan məhbuslar da az deyil. Bu həftə bir sıra siyasi məhkəmələr var.
 
Martın 3-də saat 11:00-da hüquq müdafiəçisi İntiqam Əliyevin növbəti məhkəməsi keçiriləcək. Proses şahidlərin ifadələri ilə davam edəcək.
 
Martın 4-də gənc fəal Orxan Əyyubzadənin Apellyasiya Məhkəməsi olacaq. Bu barədə musavat.com-a vəkil Əsabəli Mustafayev məlumat verdi: “Ali Məhkəmədən iş geri qaytarılmışdı. Biz yenidən apellyasiya şikayəti verdik. Bu hökmdən verdiyimiz şikayətdir. Şikayətimizə Apellyasiya Məhkəməsi ilk iclasında baxdı. Biz tələb etdik ki, qismən istintaq aparılmaqla məhkəmə keçirilsin. Amma məhkəmə ilk iclasda qərara aldı ki, istintaq aparılmadan keçirilsin. O qərardan noyabr ayında kassasiya şikayəti verdik. Lakin məhkəmə təmin etmədi. İş təzədən Apellyasiya Məhkəməsinə qaytarıldı”.   
 
Martın 5-də iki məhkəmə proses olacaq. Saat 10:30-da İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun məhkəməsi başlayacaq. Şahidlərin ifadələri ilə proses davam edəcək. 
 
Həmin gün saat 15:00-da müsavatçı gənc Sirac Kərimlinin məhkəmə prosesi keçiriləcək. Əlavə şahidlərin ifadəsi və vəkil Nemət Kərimlinin çıxışı gözlənilir.
 
Sirac Kərimlinin qardaşı, Müsavat başqanının müavini Fərəc Kərimlinin isə, fevralın 25-də hakimin xəstələnməsi ucbatından təxirə salınan məhkəmə prosesinin vaxtı hələ də müəyyənləşməyib. 
 
Yuxarıda sadaladığımız məhkəmələr Bakı Ağır Cinayətlərdə olacaq.
 
Fərəc və Sirac Kərimli qardaşlarının atası Raqif Kərimli övladlarının ümumi durumlarının normal olduğunu söylədi: “Telefonla danışdıq. Hər şey qaydasındadır. Sadəcə hər ikisinin diş ağrıları var. Ondan əziyyət çəkirlər”.
 
Müsavat başqanının həbsdəki digər müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu martın 1-də atası ilə görüşüb: “Bu gün atamla görüşdüm. Hər kəsə salam söylədi. Eyni zamanda NİDA-çı gənc məhbus İlkin Rüstəmzadənin salamlarını çatdırdı. Öyrəndim ki, İlkin Rüstəmzadə cəzaçəkmə müəssisəsində qaçmağa, rejim qaydalarını pozmağa, özünü və digər məhbusları öldürməyə və xəsarət yetirməyə meylli təhlükəli cinayətkar kimi qeydə alınıb”.
 
Tofiq Yaqublu ilə eyni məlum hadisələrə görə həbs edilən REAL sədri İlqar Məmmədov Ali Məhkəmənin iclasını gözləyir. REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova prosesin qəsdən uzadıldığını qeyd etdi: “İlqarla martın 1-də görüşdüm. Əhvalı normaldır. Saxlanma şəraiti əvvəlki kimidir. Ali Məhkəmənin bu ilin yanvarında təxirə salınan məhkəmə prosesinin zamanını gözləyir. Bildirdi ki, vaxt qəsdən uzadılır. Bu ay əfv olacağı barədə dəqiq məlumat yoxdur”.
 
“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun istintaqı dondurulmuş vəziyyətdə qalmaqda davam edir. Vəkil Elmar Süleymanov heç bir istintaq hərəkətinin aparılmadığını bildirdi. 
 
Həbsdəki NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova fevralın 26-da onunla görüşüb: “Görüşümüz zamanı heç nədən şikayətlənmədi. Hər şey qaydasındadır”.

Google+ WhatsApp ok.ru