İstintaq müddəti süni şəkildə niyə uzadılır?

Aslan İsmayılov: «Siyasi qərar qəbul edilənədək bu işi uzadacaqlar»

Azərbaycanda siyasi fəallığa, azad fikrə görə təqib olunanların həbsə atılması artıq çirkin bir təcrübəyə çevrilib. Istər araşdırmaçı jurnalistlər, istərsə də siyasi baxışlarına görə bu gün həbsdə olan insanlara qarşı hakimiyyətin tutduğu mövqe demokratik dünyanın standartlarına uyğun gəlmir. Lakin buna baxmayaraq siyasi rejim hələ də repressiv cəza metodundan əl çəkməyərək  əqidə adamlarını tərksilah etməkdə davam edir.
 
Bu minvalla həbs edilən siyasətçilər, ilahiyyatçı və jurnalistlər, hüquq müdafiəçiləri həbs ediləndən sonra istintaq müddəti naməlum səbəblərdən uzadılır. Bu təcrübəni cəmiyyət hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, jurnalist Xədicə Ismayılın timsalında müşahidə edib. Onların  istintaq müddətinin süni şəkildə uzadılması görəsən hansı məqsədə xidmət edir?
 
Tanınmış vəkil Aslan Ismayılov söyləyir ki, belə addım həmin şəxsləri həbsdə saxlamaq məqsədilə atıla bilər. Aslan bəyin fikrincə, hüquq müdafiəçiləri hələ həbs olunmamışdan beş-altı ay öncə onların barəsində qrant və digər məsələlərlə bağlı yoxlamalar keçirilib:
“Bu müddət kifayət edirdi ki, onlar barəsində istintaq yekunlaşaraq iş məhkəməyə getsin. Yəqin bir müddət istintaqı aparandan sonra işi məhkəməyə göndərəcəklər və işi siyasi qərar qəbul olunana qədər uzadacaqlar”.
 
Hüquqşünas Müzəffər Baxışov "Azadlıq"a deyib ki, Cinayət Prosessual Məcəllənin tələblərinə görə konkret cinayətlərin ictimai təhlükəsizlik və ağırlıq dərəcəsindən asılı olaraq həbs müddətləri nəzərdə tutulur. Öncələr tövsiyə olunurdu ki,  həmin cinayət işləri üzrə istintaq ilkin istintaq müddətində bitirilsin:
“Lakin 2000-ci ilin aprelin 26-da, Azərbaycanın baş prokuror təyinatından sonra çox biabırçı bir vəziyyət yarandı. Xüsusilə də barəsində həbs qətimkan tədbiri seçilən şəxslər barəsində əsassız olaraq həbs və ibtidai istintaq müddəti  CPM-də nəzərdə tutulan əsaslar olmadan ildən-ilə qəsdən uzadılır. Mən bunu tam məsuliyyətlə deyirəm. Yəni CPM-nin tələblərinə görə həm istintaq, həm də həbs üzrə qətimkan tədbirinin müddəti uzadılanda əsaslandırılmalıdır. Hansı əsaslar üzrə cinayət işinin istintaqı başa çatdırılmayıb, hansı istintaq hərəkətlərinin aparılması zərurəti var və s. Misal üçün, bir işi ona görə uzadırlar ki, guya bu şəxslərin ittiham olunduğu məsələnin Suriyada cinayət olub-olmamasını müəyyən edə bilmirlər. Istintaq iki ildən çoxdur müəyyən edə bilmir ki, konkret bu şəxslərə verilən ittihamlar üzrə əməllər Suriyada cinayətdir yoxsa-yox. Bu əsasa görə işi uzun müddətdir uzadırlar. Sonra da məlum olur ki, bu əməllər Suriyada cinayət deyil. Azərbaycanda istintaqın vəziyyətində çox biabırçı bir durum yaranıb. Bunun da əsas səbəbi Zakir Qaralovun baş prokuror vəzifəsinə təyin edilməsidir. Bununla da istintaqın başına böyük bir daş saldılar. Bu şəxs hüquq, qanun anlayışlarından xəbərsizdir. Nəticədə də bu, həbs altında olan şəxslərin hüquq və azadlıqlarının pozulmasına, əsassız, qanunsuz həbsdə qalmasına səbəb olur. Bunun isə ölkə üçün çox ağır nəticələri olacaq”.

Google+ WhatsApp ok.ru