Müəllimlərin maaşları niyə verilmir?

Oqtay Haqverdiyev: «Dövlət büdcəsində böyük problem olduğu üçün məsələ yubanır»

Məlum olduğu kimi, 2015-ci il yanvar ayının 16-da prezident sərəncamı ilə Bakıdakı dövlət təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Sözügedən sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minsə də rəsmilər artımın maaşlara necə təsir edəcəyini hələ də dəqiqliklə izah etmir.
 
Qeyd edək ki, Bakı məktəblərində çalışan 30 min müəllimin dərs yükü orta hesabla 18 saat civarındadır. Odur ki, müvafiq sərəncamın icrası çərçivəsində heç bir müəllimin ixtisarının nəzərdə tutulmadığı barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir bunu “Azərbaycan” qəzetindəki məqaləsində bildirib. M. Cabbarov söyləyib ki, müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsinin nəticələri nəzərə alınaraq, bu prosesdə iştirak etmiş müəllimlərin dərs yükü və əməkhaqqı artırılıb: “Müəllimlərin həm dərs yükünün, həm də əməkhaqqının artırılması ehtiyacı sistemin qeyri-optimal olmasından qaynaqlanırdı. Hər zaman müəllimlərin əməkhaqqının artırılması məsələsi müzakirə olunarkən bunun icrası yolları və forması əsas suallardan biri kimi qarşıda dururdu. Düşünürdük ki, əməkhaqqı artımı, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir”.
 
ANS PRESS-in “qaynar xətti”nə daxil olan məlumatlara görə məktəblərin mühasibatlığına bununla bağlı məlumat daxil olduğu və müəllimlərə maaş artımının qüvvədən düşdüyü bildirilib. Bakı Şəhər Təhsil Idarəsi mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, ölkə başçısının sərəncamına əsasən ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib və sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanaraq təhsil, maliyyə, ədliyyə və digər nazirliklər arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq. Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixdən hesablanıb ödəniləcək.
 
Modern.az-ın məlumatına görə isə Suraxanı rayonundakı 281 saylı orta məktəbin müəllimləri maaşların artımının gecikdirilməsindən ciddi narahat olduqlarını dilə gətiriblər. Onlar prezidentin sərəncamının icra edilməməsindən şikayət ediblər. Müəllimlər arasında Qarabağ müharibəsi veteranı, banklarda kreditləri, eyni zamanda müalicəyə ehtiyacı olanlar səbəbindən onların hamısı maaşa göz dikib: “Ümid edirdik ki, manatın dəyərdən düşməsini bu artımla kompensasiya edə biləcəyik. Dəfələrlə Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etsək də, sualımızı cavablandıran olmayıb. Bütün müəllimlər bu məsələyə dair rəsmi açıqlama verilməsini gözləyirlər”.
 
Hadisələrə nəzər salarkən belə bir sual yaranır ki, görəsən, müəllimlərin artan maaşlarının yubanması büdcədə pul kütləsinin çatışmazlığı ilə bağlı ola bilərmi?
İqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki,  müəllimlərin maaşı büdcədən maliyyələşdiyi üçün məsələnin reallaşmasında problem yaranıb. Ekspert dövlət büdcəsində böyük problemin olduğunu diqqətə çatdıraraq həmin çətinliyin təkcə maaşların verilməsində deyil, başqa sahələrdə də üzə çıxdığını bildirir:
“Son günlər baş verən olaylar, manatın məzənnəsini itirməsi büdcəni doldurmaq üçün atılan addımlar idi. Reallıqda hələ də vəsait məsələsi həll olunmayıb. Odur ki, müəllimlərin maaşlarının verilməsi məsələsi yubanır. Maaş artımı barədə artıq müvafiq qərar qəbul olunub. Ona görə də hesab edirəm ki, məsələ geciksə də, baş tutacaq. Bu il seçki ilidir və müəllimlər də prosesdə fəal olduğu üçün maaş artımını ləğv etməyəcəklər”.

Google+ WhatsApp ok.ru