Məhkum ağzını tikib ölüm aclığına başladı

Ömürlük əlil barəsindəki qətimkan tədbirinin dəyişdirilməsini tələb edir

Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılan 1-ci qrup əlil Rauf Sultanov ölüm aclığına başlayıb. Ağzını iynə ilə tikən məhkum barəsində verilmiş qərardan narazıdır. Belə ki, noyabrın 24-də Bakı Apelyasiya Məhkəməsində Rauf Sultanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rauf Sultanovun apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Hakim V.Məmmədov  Xəzər Rayon Məhkəməsinin R.Sultanov barəsində çıxardığı hökmü ləğv edib və işin yenidən birinci instansiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib. Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 
 
Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. 
 
Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.  İstintaq dövründə Rauf Sultanov işdə adı zərərçəkən kimi keçən, faktiki isə borc sahibi olan şəxsə borcu qaytarıb. 
 
Anadangəlmə epilepsiya xəstəsi olan, 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib. Onun hazırda aclıq etməsi isə hakim V.Məmmədovun barəsindəki həbslə əlaqəli hökmü dəyişməməsi ilə bağlıdır. R.Sultanov tələb edir ki, məhkəmədə onun işinə baxıldığı müddətdə onun həbsi digər qətimkan tədbiri - məsələn, ev dustaqlığı və ya başqa yerə getməmək haqda iltizamla əvəz olunsun. 
 
Qeyd edək ki, R.Sultanov 2012-ci ildə digər bir maddə ilə ittiham olunub. Həmin ittiham üzrə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib. Naidə Manafovanın şikayətindən sonra isə onun barəsindəki cəza növü dəyişdirilərək həbsə alınıb. Həmin cəzanın müddəti 2015-ci il dekabrın 2-də bitir. Lakin hakim V.Məmmədovun verdiyi qərara görə, R.Sultanov Xəzər Rayon Məhkəməsində  işə baxılana qədər həbsdə saxlanılmalıdır. (Yeni Müsavat)

Google+ WhatsApp ok.ru