Məmməd İbrahimin işi üzrə hazırlıq iclası

Bu gün Bakının Nərimanov rayon məhkəməsində xuliqanlıqda ittiham olunan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə hazırlıq iclası keçirilib.
 
Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, məhkəmə müdafiə tərəfin vəsatətlərindən birini - təqsirləndirilən şəxsin prosesdə vəkilin yanında oturması haqqında vəsatəti təmin edib.
 
Cinayət icraatına xitam verilməsi, həbs qətimkan tədbirinin başqa qətimkan tədbiri ilə dəyişidirilməsi haqqında digər vəsatətlər təmin edilməyib.
 
Hakim Turqay Hüseynov işə baxılmasını dekabrın 28-nə təyin edib.
 
Xatırladaq ki, İbrahimin həbsinə keçmiş partiya üzvü Mikayıl Quliyevin şikayəti səbəb olub. Sentyabrın 29-da onlar arasında münaqişə baş verib. AXCP-də hesab edirlər ki, partiyanın gözdən salınması məqsədilə İbrahimə qarşı təxribat törədilib.
 
İlkin olaraq İbrahimə qarşı CM-in maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Sonradan istintaq keçmiş tarixlə iki “zərərçəkmiş” cəlb edib və ittihamı 221.2.2-ci maddəyə tövsif edib ki, həmin maddə üzrə o, 5 ilədək azadlıqdan məhrum edilə bilər. 

Google+ WhatsApp ok.ru