Manatın ucuzlaşması sadə azərbaycanlı üçün nə deməkdir?

AXCP sədri Əli Kərimli hökumətin manatı ucuzlaşdırmaqla bağlı verdiyi qərarın xalqa vuracağı zərərləri göstərib. Onun bu barədə facebook səhifəsində yazdığını təqdim edirik:
 
Manatın ucuzlaşacağı ilə bağlı rəsmi qərar verilən kimi manat sürətlə ucuzlaşmağa başladı. Son illərdə az qala ölkəmizin iqtisadi gücünün, sabit iqtisadi inkişafın atributu kimi təqdim olunan manat yaxın günlərdə durmadan dəyərdən düşəcək. Beləliklə, manatın ucuzlaşması sadə azərbaycanlı üçün nə deməkdir?
 
- İlk növbədə ölkədə əmək haqqını, pensiyasını, müavinətini, qazancını milli valyuta ilə alan milyonlarla insanın gəliri sabit valyuta ilə (məsələn, dollarla) hesabladıqda azalmış olacaq. Məsələn, 140 manat pensiya, maaş alan şəxsin qazancı təqribən 180 dollar olurdusa, indi 1 manat 1 dollar həddinə qədər ucuzlaşsa, həmin şəxs artıq ayda 180 dollar yox, 140 dollar qazanmış olacaq. Bu minvalla hər kəs öz qazancının nə qədər azalacağını hesablaya bilər.
 
- Qiymətlər qalxacaq. İlk növbədə xaricdən idxal olunan malların qiyməti dərhal artacaq. Sonra da tədricən yerli məhsulların. Qazandığımız pulun formal miqdarı eyni qalsa da, alıcılıq qabiliyyəti xeyli azalacaq.
 
- Vaxtında xalqımız iqtisadi inkişaf və sabit manatla bağlı nağıllara inanıb, əmanətini banklara manatla qoyub. Hazırda ölkə banklarında əhalinin 4 milyard manatdan artıq manatla qoyulmuş əmanəti var. Bax, banklara pulunu manatla qoymuş həmin əmanətçilər də birdən-birə xeyli kasıblayacaqlar.
 
Hökumət niyə bu addımı atdı? Atmaya bilərdimi?
 
Neftin qiymətinin düşməsi cəmi bir neçə ayda ölkədə ciddi böhran yaradıb. Sübut olunub ki, hökumətin qeyri-neft sektorunun inkişaf etməsi haqda verdiyi yalan bəyanatlara baxmayaraq, ölkə iqtisadiyyatı neft üzərində qurulub və neftin qiymətindən ciddi şəkildə asılıdır. Hazırda Ümumi Daxili Məhsul (ÜDM), büdcə gəlirləri sürətlə azalır. Manatın sabit saxlanması hər ay hökumətə 1 milyard manatdan artığa başa gəlir. Baha başa gəlsə də, hökumətin hələ xeyli müddət manatı sabit saxlamaq imkanı var idi. Amma o halda Mərkəzi Bankın rezervləri sürətlə əriyəcəkdi. Sadə ifadə etsək, hökumət belə bir dilemma qarşısında qalmışdı: Neft gəlirlərinin azalmasından dəyən zərəri ya dövlət (öz ehtiyat fondlarından pul xərcləməklə), ya da xalq (manatın ucuzlaşdırılması ilə) ödəməli idi. Hökumət qərara gəlib ki, zərəri xalq ödəsin. Qərara gəliblər ki, dövlət rezervlərini qoruyub saxlasınlar. Hər necə olsa, o pul özlərinindir. İstədikləri şəkildə xərcləyərlər. Neft gəlirlərinin azalmasının ziyanını indi xalqa ödətdirirlər. İndi bu ziyan xalqın arasında bölünəcək. Maaşlarımızın, pensiya, müavinət və qazanclarımızın real alıcılıq qabiliyyətinin aşağı düşməsi, qiymətlərin qalxması ilə biz - milyonlarla azərbaycanlı köməkləşib, büdcə kəsirini birtəhər doldurmalı olacağıq. Hökumət hesab edib ki, vətəndaşlar indikindən də bir az kasıb ola bilərlər, təki dövlət (dövlətmi?) varlı olsun.

Google+ WhatsApp ok.ru