'Manat ucuzlaşsa da, dollara tələbat yoxdur''

Samir Əliyev: `Həyata keçirilən valyuta hərraclarında daim təklif tələbdən çox olub`

Cari ilin ötən dövrü üzrə valyuta bazarında baş verən proseslərin təhlili bir daha ajiotajın aradan qalxdığını və iqtisadi subyektlərin yeni rejimə tədricən uyğunlaşdıqlarını göstərir.
 
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
 
Məlumatda deyilir ki, ilin əvvəlindən bəri keçirilən 29 valyuta satışı hərracının 17-də təklif tələbi üstələyib: "Dövr ərzində məzənnə bazardakı tələb və təklif nisbətindən asılı olaraq formalaşıb, onun dinamikasında kəskin tərəddüdlər baş verməyib. Bundan başqa, ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlib. Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək üçün Mərkəzi Bank cari ildə faiz dəhlizinin parametrlərinə də yenidən baxıb. Bütün bunlar valyuta bazarında stabilləşmə gözləntilərini gücləndirir. Mərkəzi Bank bundan sonra da valyuta bazarında yeni məzənnə rejiminə uyğun şəkildə iştirak edəcək".
 
Bu barədə Meydan TV-nin sualına cavab verən iqtisadçı Samir Əliyev AMB-nin açıqlamasıyla razı olmadığını dedi: "Çünki manatın məzənnəsi öz real bazar dəyərini almayıb və  bundan sonra da məzənnənin ucuzlaşmasını müşahidə edəcəyik. Nə qədər ki, neftin qiyməti indiki səviyyədədir və ölkə iqtisadiyyatında dolların aşma səviyyəsi yüksəkdir, manata təzyiq yüksək olaraq qalacaq".
 
İqtisadçı bildirib ki, fevralın sonu və martın əvvəli nəzərə alınmasa, həyata keçirilən valyuta hərraclarında daim təklif tələbdən çox olub: "Yəni satışa çıxarılan dolların heç də hamısı alınmayıb. Bu, məsələnin görünən və ictimaiyyətə təqdim olunan tərəfidir. Amma nəyə görə dollara tələbat yoxdur, bu suala cavab verilməlidir. Bir tərəfdən manat ucuzlaşır, bununla bərabər dollara tələbat yoxdur. Səbəb pul kütləsinin məhdudlaşdırılmasıdır".
 
Samir Əliyev hesab edir ki, AMB manat kütləsini məhdudlaşdırdığından dövriyyədə manat qıtlığı var: "Nəticədə banklar dollar ala bilmir. Həm də manatla kredit almaq mümkün deyil. 1 mart tarixinin məlumatına görə, Azərbaycanda manat kütləsinin həcmi 6,4 milyard manat təşkil edir. 2015-ci ilin fevralında isə bu rəqəm 9 milyard olub. Ümumiyyətlə, neft ucuzlaşandan manat kütləsi iki dəfə azalıb. Azərbaycanda pulla təminatı 15-16 faizdir, neftin ucuzlaşmasından əziyyət çəkən Rusiyada 50, Qazaxıstanda isə 25 faiz civarındadır. Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın pulla təminatı aşağıdır. Səbəbi odur ki, AMB bir tərəfdən inflyasiyanı cilovlamaq istəyir, çünki çoxlu pul kütləsi qiymətləri qaldırır, digər tərəfdən, manata olan təzyiqi azaldır, manatı ucuzlaşdırmaq siyasəti yürüdür".

Google+ WhatsApp ok.ru