Dünya bankından hökuməti şoka salacaq kredit təklifi

Oqtay Haqverdiyev: «Müştəri, bank və dövlət birgə şəkildə problemin həllinə çalışmalı, ödənilməli borcu müvafiq olaraq bölməlidir»

Azərbaycanda dollar kreditləri ilə bağlı məsuliyyət kreditləşmə prosesində iştirak edən bütün tərəflər arasında bərabər bölüşdürülməlidir. Milli valyutanın devalvasiyasının bu sahəyə yetirdiyi zərər kreditləşmənin iştirakçısı olan üç tərəf – kreditor (bank və s.), kreditalan və dövlət arasında bərabər paylanmalıdır. Bunu açıqlamasında Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko deyib.
 
L.Leşçenkonun sözlərinə görə, bu prosesdə kredit götürən də mütləq qaydada məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir: “Çünki məzənnənin uzun müddət sabit olmasının yaratdığı əminliyə baxmayaraq, vətəndaşlar uzunmüddətli gəlir profillərinə diqqətlə yanaşmalı və mümkün riskləri nəzərə almalı idilər”.
 
“Banklara gəldikdə isə, onlar son illərdə yüksək faiz dərəcələrindən faydalanıb və indi də öz müştərilərinə güzəşt etməyi nəzərdən keçirə bilərlər”,- deyən bank rəsmisi qeyd edib.
 
Dövlətin də dollar krediti sahiblərinə yardım etməsinin zəruriliyini Dünya Bankının Bakı ofisinin rəhbəri də xüsusi vurğulayıb.
 
Səslənən təklif hazırkı dönəmdə aktualdır. Çünki manatın birinci devalvasiyasından sonra banklarda dollar krediti olan şəxslər ümumilikdə 1.7 milyard manat ziyana düşdülər. Bu rəqəm ikinci devalvasyadan sonra bir qədər də artdı. Xüsusilə ikinci devalvasiyadan sonra ölkədə narazılığın artması hökuməti bir sıra vədlər verməyə vadar etdi. Öncə bəyan olundu ki, dekabrın 21-də baş verən devalvasiyadan sonra 10 min dollara qədər borcu olan şəxslər borcunu əvvəlki kursla qaytaracaq. Amma bir müddət sonra bu qərar dəyişdirildi və bildirildi ki, güzəştlər yalnız 5 min dollara qədər borcu olan şəxslərə tətbiq ediləcək. Lakin sonradan rəsmilər bunu da təkzib etdilər. Bildirildi ki, bu layihənin həyata keçirilməsi üçün 250 milyon manat vəsait lazımdır ki, onu da əldə etməyə dövlətin imkanı yoxdur.
 
Hətta o zaman maliyyə naziri Samir Şərifov bildirdi ki, banklar xeyriyyə təşkilatları deyil. E.Rüstəmovun açıqlaması isə lap “gül” vurdu. O bildirdi ki, 5 min dollara qədər olan kreditlərin əvvəlki kursla qaytarılması maliyyə intizamsızlığı yarada bilər. Hazırda isə Dünya Bankının təmsilçisi tam fərqli bir təkliflə çıxış edir.
 
Iqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, eyni təklifi o, bu proses yenicə gündəmə gələn zaman veribmiş. Həqiqətən də yaranmış durumda məsuliyyətin bölünməsinin ən optimal çıxış yolu olduğunu deyən O.Haqverdiyev vurğuladı ki, nəticədə problem həllini tapa bilər: “Banklara kredit borcu olan vətəndaşlarla bağlı yaranan problemin məsuliyyətini üç tərəf çəkməlidir. Müştəri, bank və dövlət birgə şəkildə problemin həllinə çalışmalıdır və ödənilməli borcu müvafiq olaraq bölməlidir. Bu, ən ədalətli çıxış yolu olar. Bu qərardan müştəri də razı qalacaq. Çünki dövlətin və bankın da bu məsələyə qarışdığını görəcək”.

Google+ WhatsApp ok.ru