Meydan TV-nin yoxa çıxan əməkdaşı tapıldı

Sentyabrın 16-da yoxa çıxan Meydan TV-nin əməkdaşı  Şirin Abbasov Baş prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri üzrə  mübarizə şöbəsində saxlanılır.
 
Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.
 
Daxili işlər nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bundan əvvəl AzadlıqRadiosuna Şirin Abbasovun yoxa çıxmasından məlumatsız olduğunu demişdi: "Əgər o evindən çıxıb geri dönməyibsə, valideyinləri və qohumları ərazi polis orqanlarına müraciət etməli, polis isə axtarışa başlamalıdır.
 
Sentyabrın 3-də Şirin Abbasov Mingəçevir hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilmişdi.
 
MeydanTV jurnalistin saxlandığını ehtimal edir.
 
Sentyabrın 16-da MeydanTV ilə əməkdaşlıq edən iki xanım jurnalist - Aytac Əhmədova və rəfiqəsi də Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılıb, saat 21.00 radələrində sərbəst buraxılıb.
 
Onlara Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar verilib. Televiziyanın rəhbərliyi bildirir ki,Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar. 

Google+ WhatsApp ok.ru