Müxalifət fəalının oğlu barədə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub

Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
 
Maide.az xəbər verir ki, R. Daşdəmirli Turan-a bildirib ki, fevralın 17-də oğlunun barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri başa çatır. Bu gün Nərimanov Rayon Məhkəməsi həbs qətimkan tədbirini 2 aylıq ev dustaqlığı ilə əvəz edib.
 
R.Daşdəmirlinin sözlərinə görə, S. Daşdəmirlıi xəstədir və cərrahi əməliyata ehtiyacı var. Onun həm də bu günlərdə uşağı dünyaya gəlib. Məhkəmə bu amilləri nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
 
S.Daşdəmirli 2014-cü il noyabrın 17-də saxlanılıb və Daxili İşlər Nazirliyinin  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Növbəti gün məhkəmə onu 3 ay müddətinə həbs edib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə ittiham irəli sürülüb və gənc 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. İstintaqın məlumatına görə, S.Daşdəmirli saxlanılarkən üzərindən 3,2 qram heroin götürülüb. Lakin gəncin sözlərinə görə, narkotik maddəni onun üzərinə polis əməkdaşları özləri atıblar.

Google+ WhatsApp ok.ru