Rəsul Cəfərov məhkəmədə ifadə verməkdən imtina etdi

İstintaqın “zərərçəkmiş” kimi tanıdığı şəxslər hüquq müdafiəçisinə qarşı iddialarının olmadığını dedilər

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun növbəti məhkəmə prosesi keçirildi. Əvvəlki proseslərdə olduğu kimi, yenə də ictimai fəallar, xarici ölkə təşkilatları və səfirliklərinin nümayəndələri hüquq müdafiəçisinə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşmışdılar.
 
Proses başlamamışdan əvvəl məhkəmə zalının daha kiçik zalla əvəz olunması iştirakçıların əksəriyyətinin bayırda qalmalarına səbəb oldu.  Bu da prosesə qatılmaq istəyənlərin  etirazı ilə nəticələndi.
 
Məhkəmə saat 10:30-da başladı. Hakim Rasim Sadıxov proses barədə məlumat verərək bildirdi ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfə zərərçəkmiş şəxs Seymur Verdizadə ilk dəfə məhkəmədə iştirak edir. O, zərərçəkmiş şəxsə hüquqları barədə məlumat verdi. 
Daha sonra hakim məhkəmənin iş üzrə sübutlarla və təqsirləndirilən şəxs, zərərçəkmişlər, şahidlərin ifadələri ardıcıllığı ilə davam edəcəyini elan etdi. 
 
Təqsirləndirilən şəxs Rəsul Cəfərov ifadə verməkdən imtina etdi: “Mənə qarşı irəli sürülən ittihamlar aydın deyil. Bu səbəbdən məhkəmənin indiki anında ifadə verməkdən imtina edirəm. İstintaqda verdiyim ifadələri təsdiq edirəm. Bundan sonra nə sual verilsə, cavab verməkdən imtina edəcəm”.
 
Rasim Sadıxov Rəsul Cəfərovun bu qərarının onun işini ağırlaşdıracağını və istintaqdakı ifadələrinin yalan kimi qəbul ediləcəyini bildirdi. Vəkil Əlibaba Rzayev Rəsul Cəfərovun istintaqdakı ifadəsinin indi verəcəyi ifadənin tərkib hissəsi olduğunu qeyd etdi. Ardınca təqsirləndirilən şəxsin 31 iyul və 2 avqustda istintaqda verdiyi ifadələr oxundu.
Daha sonra təqsirləndirilən şəxs ifadə vermədiyinə görə cinayət işi materiallarında qaranlıq qalan hissələrlə bağlı, hakimlər və dövlət ittihamçısı öz suallarını verdilər. 
Rəsul Cəfərov verilən sualları cavablandırdı. 
 
Sual-cavab 1 saata yaxın davam etdi. Hüquq müdafiəçisi ona qarşı irəli sürülən 195 min manat yeyinti ilə bağlı ittihamların yalan olduğunu vurğuladı: “Biz vergilərin qəbzlərini, eləcə də pulu hara xərcləmişiksə onun sənədini istintaqa təqdim etmişik. Mənə 195 min manat mənimsəmə ittihamı irəli sürülüb. Əslində burada da qanunsuzluq var. Hesablayanda görürük ki, bu istintaq sənədləri ilə 179 min manat edir. Apardığımız layihələrlə bağlı bütün qəzetlər yazıblar.  Mən təkcə qrant layihələri həyata keçirməmişəm, ianələr də olub. Problemi olan şəxslərə kömək etmişəm. Daha çox 2700 manat yeyinti çox qabardılır. Bunu elan etmək zorundayam. Bu məbləğ həbsdə olan məhbus İlkin Rüstəmzadənin ailəsinə yardım kimi verilib”.
 
Rəsul Cəfərova verilən suallar bitdikdən sonra hakim zərərçəkmişlərin ifadələrinin başlandığını elan etdi. Şahidlər proses zalından çıxarıldı. 
 
Zərərçəkmiş Anar Cəbiyev (Nağılbaz) ifadəsində bunları dedi: “Rəsul Cəfərovu çoxdan tanıyıram. Qohum deyilik, amma yaxın qonşuyuq.  Onunla heç bir düşmənçiliyim yoxdur. Ortaq bir layihəmiz olub. Əvəzində lazımi pulu almışam. Layihə prezident seçkiləri ilə bağlı idi. Mahnıda müxalif mövqeli heç nə yox idi. Natəvan Həbibi, Elşad Xose və başqa iki tanınmış müğənni də iştirak edirdi. Amma mahnı mənə məxsus idi. 1 aya hazır oldu və avqust ayında təqdim etdim. Pulu nağd şəklində aldım. Klip üçün 200 manat pul almışam. Mahnı xalqı seçkilərə ruhlandırmaq üzərində qurulmuşdu. İki dəfə istintaqda ifadə vermişəm. Mənə qarşı heç bir təzyiq olmayıb. Amma təəssüf ki, istintaq materiallarında məbləğ düzgün göstərilməyib. İstintaqda əvvəl şahid, sonra zərərçəkmiş qismində ifadə vermişəm”.
 
Anar Nağılbazın ifadəsindən sonra prokuror Mübariz Mirili ziddiyyətli məqamların ortaya çıxdığını bildirdi. O dedi ki, alınan məbləğlə bağlı fikirlər təzadlıdır. Zərərçəkmiş fikrini belə əsaslandırdı: “Şahid kimi ifadələrimin Rəsul bəyin işində ciddi rol oynamayacağını dedilər. Hamıya məlumdur ki, mən Rizvan Cəbiyevin oğluyam. İmanlı şəxslərik. İfadə verdiyim zaman 1200 manat aldığımı zənn edirdim. Evdə baxdım ki, 1720 manat almışam. İfadəmin böyük rol oynamayacağını zənn  edib bu məbləğ məsələsinə fikir vermədim”.
 
Məhkəmədə ilk dəfə iştirak edən zərərçəkmiş Seymur Verdizadə növbəti proseslərdə işləri ilə əlaqədar iştirak edə bilməyəcəyini, indi ifadə vermək istədiyini söylədi.  Seymur Verdizadənin dediklərindən: “Rəsul Cəfərovu ilk dəfə burada görürəm. Mənimlə jurnalist Ülvi Həsənli əməkdaşlıq edirdi. Qəzetimdə işləmək üçün mənə müraciət etdi. İşlədiyi müddətdə mənə dedi ki, belə bir layihə var. 1 saat çıxış edəcəksən, qonorar alacaqsan. Sonralar çıxışımın müqabilində 150 manat alanda layihənin rəhbərinin Rəsul Cəfərov olduğunu bildim. Bir gün Ülvi Həsənli mənə dedi ki, sən 200 manat almalı imişsən. Bir-iki günə 50 manatı verəcəm. Mən təbii ki, bundan imtina etdim. Onun tələbə olduğunu nəzərə aldım. 1 saata 150 manat almışam, camaat heç 5 saata bu məbləği ala bilmir. İndi nəyə görə zərərçəkmiş olmalıyam? Jurnalist kimi insanların hüquqlarını müdafiə edirəm. Heç özüm də bilməmişəm, nə üzrə istintaqa cəlb olunmuşam. Yalnız dekabr ayında zərərçəkmiş olduğumu anlamışam. Layihədən sonra Rəsul Cəfərovla heç bir əlaqəm olmayıb”.
 
Digər zərərçəkmiş şəxs Əmrah Heybətov Rəsul Cəfərovla uşaqlıq dostu olduğunu bildirdi: “Rəsul bəyi yaxından tanıyıram. Sinif yoldaşı və qonşu olmuşuq. Ən yaxın uşaqlıq dostumdur. Özümü zərərçəkmiş kimi tanımıram. Üç dəfə istintaqda ifadə vermişəm. Mənə dedilər ki, təcili Rəsulun  sənə ödədiyi məbləği deməlisən. Mən bildirdim ki, yadımda deyil. Onlar israrla tələb etdilər. Müstəntiq Qasım Məmmədov dedi ki, Rəsulun və sənin bu məsələdə günahı yoxdur. Sadəcə, ortada 9500 manat söhbəti gedir. İkinci ifadəmdə bir daha məbləğ tələb edəndə, təxminən 800-1000 manat arası  olduğunu bildirdim. Sonra evə gələndə təsadüfən əlimə qəbz keçdi. Gördüm ki, mənə 1720 manat ödənilib. Təcili istintaqa müraciət etdim. 6 dekabrda istintaqa gəldiyim zaman Anar Nağılbazla rastlaşdım. O, mənə açıqca dedi ki, mənə dedilər, əgər zərərçəkmiş kimi ifadə verməsən, özün zərər çəkəcəksən. Onda anladım ki, təzyiqlər var. Qasım Məmmədov məndən ümumi soruşdu ki, gördüyün iş neçəyə başa gələr? Özü də dedi ki, ifadə üçün soruşmur. Mən də bildirdim ki, 400 manata başa gələ bilər. İndi görürəm ki, həmin fikirlərimi ifadəmin içərisinə yazıblar. Rəsul yaxınım olub. Ona qarşı zərrə qədər iddiam yoxdur”.
 
Məhkəmədə iştirak edən 3 zərərçəkmişin ifadəsindən sonra hakim prosesin 24 fevral saat 10:30-a təxirə salındığını elan etdi. Növbəti prosesin qalan iki zərərçəkmişin və şahidlərin ifadələri ilə davam edəcəyini bildirdi.

Google+ WhatsApp ok.ru