Namizədlikdən niyə kütləvi surətdə imtina olunur?

Həsən Kərimov: «Onlar seçilmədiklərini bəri başdan bilərək bu addımı atırlar»

Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov  deputatlığa namizədliyi qeydə alınanlardan bir hissəsinin namizədliyini geri götürdüyünü bildirib. MSK sədrinin sözlərinə görə oktyabrın 13-nə olan məlumatda  namizədlərin sayının 1000 ətrafında olduğu bildirilib. 230 nəfər  namizədliyini geri götürüb. Seçki bülletenlərinin çapından sonra deputatlığa namizədlərin namizədliklərini geri götürməsinə gəlincə, M.Pənahov deyib ki, çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq.
 
Xatırladaq ki, MSK-nın açıqladığı son məlumatlara görə Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
 
AXCP Ali Məclisinin sədri Həsən Kərimov söyləyir ki, namizədlərin öz namizədliyini geri götürməsinin səbəbi əslində, aydındır. Mətbuat və ayrı-ayrı sosial şəbəkələrdə artıq kimlərin deputat seçiləcəyi məsələsi həll olunub və parlament də əslində, təyinatla seçildiyindən, seçki sadəcə olaraq kampaniya xarakteri daşıyacaq:
 
“Bu, sadəcə olaraq gözdən pərdə asmağa xidmət edən bir kampaniya olacaq. Ona görə də namizədliyini irəli sürmüş  şəxslər seçilmədiklərini bəri başdan bilirlər və namizədliklərini geri götürürlər”.

Google+ WhatsApp ok.ru