Samir Şərifovun dediyi geriləmə hansı sahələri vuracaq?

`Əhalinin sosial durumu ağırlaşacaq, əmək haqları azalacaq, təqaüdlərin artırılmasında ciddi problemlər yaşanacaq`

Hakimiyyətin yürütdüyü yanlış iqtisadi siyasət fəsadlarını verməkdədir. Neftin qiymətinin düşməsi və neft hasilatının azalması ölkə iqtisadiyyatına ciddi təsir etdi. Əgər əvvəl hakimiyyət bu təsirin ciddi fəsadlarını etiraf etmirdisə, bir müddətdir ki, bu istiqamətdə strategiya dəyişib. Artıq hakimiyyət təmsilçiləri durumun ciddiliyinə uyğun olaraq etiraflarda bulunurlar. Belə bir etirafı bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifov edib. S.Şərifov vurğulayıb ki, 2019-cu ilə qədər ölkə iqtisadiyyatında artım gözlənilmir. Bəs üç il ərzində gözlənilən geriləmə hansı istiqamətlərdə özünü göstərə bilər?
 
Maide.az-ın məlumatına görə, iqtisadçı Nemət Əliyev "Azadlıq"a bildirib ki, S.Şərifovun bu məzmunda açıqlaması müsbət dəyərləndirilməlidir. Çünki heç olmasa Azərbaycan iqtisadiyyatında baş verənlərin əsl mahiyyətini özləri üçün dərk ediblər. N.Əliyevin sözlərinə görə, verilən etiraflar yaranmış vəziyyətdən çıxış yollarının tapılması baxımından faydalı ola bilər: “Edilən etiraflar reallıqdır. Azərbaycan iqtisadiyyatında nəinki artım gözlənilmir, əksinə, Azərbaycan iqtisadiyyatında növbəti illərdə istehsalın daha da aşağı düşəcəyi gözlənilir. Ölkənin qeyri-neft sektoruna kapital yatırımı xeyli dərəcədə azalıb, ölkənin kreditləşdirilməsi azalan istiqamətə start götürüb. Əhalinin banklarda yatırdığı əmanətlərin həcmi azalıb. Əhali banklardakı əmanətlərini geri çəkir. Maliyyə təşkilatlarının, əhalinin banklarda saxladığı depozitlərin faizi aşağı düşür”.
 
N.Əliyevin sözlərinə görə, eyni zamanda ölkədə sahibkarlıq fəaliyyəti üçün elə xoşagəlməz vəziyyət yaranıb ki, bu növbəti dövrdə nəinki artımın olmayacağını əksinə, iqtisadiyyatın daha da geriləcəyini deməyə əsas verir: “Istehsalda, xidmət və ticarət sektorlarında azalma baş verəcəksə, xarici bazarda mövqelərimiz sıxışdırılacaqsa, ixracyönümlü sahələrin inkişaf etdirilməsində problemlər qalacaqsa və hökumət buna adekvat olmayan münasibət bəsləyəcəksə, əhalinin sosial durumu daha da ağırlaşacaq. Bu o deməkdir ki, əmək haqları azalacaq, təqaüdlərin artırılmasında ciddi problemlər yaşanacaq, müxtəlif sosial problemlərin reallaşmasında fasilələr yaranacaq. Xüsusən də tikinti sektorunda yarım milyona yaxın insan çalışır. Bu sahədə də ciddi problem yaşanacaq”.
 
N.Əliyev hesab edir ki, yaranmış vəziyyətdən hakimiyyət ciddi nəticələr çıxarmalı və ölkədə normal sahibkarlıq, biznes mühitinin yaranması istiqamətində addımlar atmalıdır.

Google+ WhatsApp ok.ru