Neft platformasındakı qəza ilə bağlı cinayət işi başlanıb

Oktyabrın 23-də neft meydançasında baş vermiş qəza ilə bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin olunub,araşdırmalar davam etdirilir.
 
Oktyabrın 23-də “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisindəki 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Bu zaman meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Təxminən 45 dəqiqə sonra yanğının söndürüldüyü bildirilir.
 
Məlumata görə hadisə vaxtı meydançada 41 nəfər işçi olub. Onlardan üçü ölüb, bir nəfərin axtarışı davam etdirilir.

Google+ WhatsApp ok.ru